Accessibility links

Əhməd Davutoğlu: Azərbaycanın ərazi bütövlüyü Türkiyə üçün strateji önəm daşıyır



“Azərbaycanın torpaq bütövlüyü Türkiyənin torpaq bütövlüyü qədər əzizdir və Türkiyə üçün strateji önəm daşıyır. Heç bir şey Azərbaycanın torpaq bütövlüyündən, Azərbaycanın istiqlalından, Azərbaycanın rifahından və Türkiyə-Azərbaycan qardaşlığından daha önəmli ola bilməz. Bu barədə bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər nazirləri Şurasının iclasında iştirak edən Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu yerli jurnalistlərə müsahibəsində bildirib.

O deyib ki, Azərbaycan torpaqları 17 ildir işğal altındadır. “Azərbaycanın ərazi bütövlüyü Türkiyə üçün strateji önəm daşıyır. Türkiyə bu illərdə işğalın sona çatması üçün bütün mümkün olanları edib və bundan sonra da etməkdə qərarlıdır. Çünki bu həm də bizim torpaqlarımızdır. Göy yerə ensə də Türkiyənin Azərbaycanın yananda olması gerçəyini dəyişdirə bilməz”.

Nazir Türkiyə-Ermənistan protokolu barəsində bir daha fikrini açıqlayıb. “Biz protokolları imzalayarkən bildirdik ki, tərəflər arasında normallaşma Güney Qafqazda bütünlükdə təhlükəsizlik problemləri çözüldükdən sonra mümkündür. Güney Qafqazın ən böyük problemi də təbii ki, Dağlıq Qarabağ problemidir. Biz bu mesajı bütün dünyaya vermişik”.

O son zamanlar yaranmış problemlərdən danışarkən bildirib ki, iki qardaş arasında bəzən kiçik ixtilaflar olmalıdır. “Ancaq bir-birlərinə açıq, səmimi davranmalıdır. Bu gün Elmar Məmmədyarovla keçirdiyimiz görüşlər bu səmimi notlar üzərində qurulmuşdu. Azərbaycan və Türkiyə xarici işlər nazirləri görüşərkən iki tərəf kimi deyil, problemlərə eyni mövqedən yanaşan vahid tərəf kimi görüşürlər. “Mən nazir postuna gələndə ilk yazılı təlimatlarımdan biri bu oldu ki, 120-dən artıq səfirliyimizə, 180-dən artıq baş konsulluğumuza göstəriş verdim ki, Azərbaycan vətəndaşları Türkiyə vətəndaşları kimi sizin müamiləniz altındadır”.

Əhməd Davutoğlu yanlış anlaşmaları ortadan qaldırmaq üçün dostcasına görüşləri davam etdirmək vacib hesab edir. “Bir daha vurğulayıram ki, Türkiyə bayrağı və Azərbaycan bayrağı bizim üçün yeni anlamı daşıyır. Həmin gün Bursada minlərlə Azərbaycan bayrağı evlərdən asılmışdı. Mən stadiondaydım və 50-yə yaxın bayraq həm də stadionda dalğalanırdı. Bu qadağanı Türkiyə deyil, FİFA qoydu. Türkiyə hökuməti əksinə bəlli bir sayda Azərbaycan bayrağının stadiona keçirilməsinə icazə vermişdi. Məni də rahatsız edən bəzi rəsmlər var. Mən Azərbaycan bayrağına sayğısızlığa dözə bilmərəm”.

Nazir bayraqla bağlı qaldırılan son olayları provokosiya adlandırıb. “Məncə burada provokasiya var. Bir insanın bu görüntünü yaratması və kameralara çəkməsi söz könusu ola bilər. Biz bu məsələ ilə bağlı araşdırmalara başlamışıq. Bu məsələ ilə bağlı biz ən şiddətli cəzanı verməyə hazırıq. Bu, bizimlə qardaşlarımız arasında fitnə salmaq istəyən provokasiyalardır. Türkiyədə minlərlə Azərbaycan bayrağı dalğalanır və bu, bayraqlar əbədiyyətə qədər dalğalanacaq”.

O həmçinin Türkiyənin bayrağını Azərbaycanda xarici dövlətin bayrağı kimi görülməsini istəmədiyini bildirib. “Bakının işğaldan azad edilməsi üçün canını fəda edən türk şəhidləri, onların kölgəsində uyuduğu Türkiyə bayraqları və onların ruhuna dualar oxunan şəhidlər məscidi Azərbaycana əmanətimizdir. Onlar bizim deyil, onlar Azərbaycanındır. Türkiyəni işğal edən ingilis əsgərlərinin məzarı başında İngiltərə bayrağı dalğalanır. Bu məsələ hətta düşmənlər arasında qəbul edilmiş bir məsələdir. Bir daha bildirirəm, Türkiyədə Azərbaycan bayraqları dalğalanacaq. Əgər bu bayrağa kimsə sayğısızlıq edirsə, biz bu işin sonuna qədər gedəcəyik. Azərbaycanda baş verənləri isə qardaşlarımızın qərarına buraxmışıq”.

Nazir Türkiyənin Azərbaycanın strateji önəm daşıyan iqtisadi layihələrini dəstəkləməkdə burdan sonra da davam edəcəyini bəyan edib. “Azərbaycanın mənfəəti hansı layihədə varsa, biz Azərbaycanın yanında olaraq ona dəstək verməyə hazırıq”.-

XS
SM
MD
LG