Accessibility links

Avropa Birliyi və Cənubi Qafqaz dövlətləri nazirlərinin ilk görüşü olub


Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradtke (ABŞ) noyabrın əvvəlində regiona növbəti səfər edəcək.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin oktyabrın 26-da Lüksemburqda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşləri barədə yaydığı birgə bəyanatda deyilir ki, görüş “konstruktiv ruhda” keçib. “Görüş zamanı danışıqların indiki mərhələsinə qiymət verilib və dekabrın 1-2-də Afinada keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası nəzərə alınaraq atılacaq növbəti addımlar müzakirə edilib”.
Noyabrın əvvəlində həmsədrlər regiona gələrək Azərbaycan və Ermənistan liderləri ilə görüşlər keçirəcək, Qarabağ münaqişəsinin həlli ilə bağlı baza prinsiplərinə dair fəaliyyəti davam etdirəcəklər.
Noyabrın 26-da Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 10-cu iclası da keçirilib.
Xarici İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində ilk dəfə olaraq İsveçin Xarici işlər naziri Karl Bildt, İspaniyanın Avropa məsələləri üzrə Dövlət Katibi Dieqo Lopez Qarrido, Avropa Birliyinin Ümumi Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xavyer Solana, Avropa Komissiyasının nümayəndələri və üç Cənubi Qafqaz ölkəsinin xarici işlər nazirlərinin birgə işçi səhər yeməyi olub.
Görüşdə Avropa Birliyi ilə Cənubi Qafqaz ölkələri arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində əməkdaşlıq, Avropa Birliyi ilə assosiasiya sazişlərinin hazırlanması, Cənubi Qafqaz regionunda mövcud münaqişələrin nizamlanması ətrafında fikir mübadiləsi aparılıb.
Cənab Məmmədyarov bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında irəliləyişin əldə edilməsi üçün ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunları çıxarılmalıdır. “Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması bölgədə bütün kommunikasiyaların açılmasına, sülhün və təhlükəsizliyin bərqərar olunmasına, regional inkişaf və əməkdaşlığa imkan yaradar”.
Cənab Solana münaqişənin həlli üçün danışıqlarda dinamikliyin vacibliyini deyib. “Avropa Birliyi nizamlanma prosesinin müsbət inkişafı üçün mümkün addımlar atmağa hazırdır”.
Sonda Avropa Birliyi Şurası Prezidentliyi, Avropa Komissiyasının nümayəndələri, həmçinin Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçirib.
Səfər çərçivəsində nazir Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsinin iştirakı ilə görüşü də keçirilib. Görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyov görüşü, danışıqların hazırkı mərhələsi və həmsədrlərin regiona növbəti səfəri müzakirə olunub.

XS
SM
MD
LG