Accessibility links

Azərbaycanlı alim İranda həbs edilib


Azərbaycanlı alim Rəşid Əliyev 2008-ci ilin oktyabrın 6-da həbs edilib. İran tərəfinin dəvəti ilə Tehrana gedəndən sonra alim saxlanıb və təkadamlıq kameraya salınıb. Bu barədə “Amerikanın səsi” radiosuna müsahibəsində alimin hüquqlarını ictimai müdafiə komitəsinin sədri, Lazer Elmi Texniki Mərkəzinin direktoru Soltanhəmid Məlikov bildirib.
Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin lazer fizikası üzrə alimi Rəşid Əliyev 2006-2008-ci illərdə “Sazan Electronics Industry Company” İran şirkətində çalışıb. O Bakı Dövlət Universiteti ilə şirkətin razılaşmasına uyğun olaraq İrana gedib. “İran şirkətində o lazer sistemlərinin quraşdırılması və idarə edilməsinə dair proqramların tədqiqi, stendlərin yaradılması və lazerin təcrübədən keçirilməsi layihəsinə rəhbərlik edib”.
Razılaşma müddəti bitdikdən sonra İran tərəfinin işləməklə bağlı təkliflərinə baxmayaraq cənab Əliyev Bakıya dönüb. “Sonra o, yenidən “Sazan Electronics Industry company” şirkətinin direktoru professor Abbas Eftexarinin xahişi ilə Tehrana qısamüddətli səfərə gedib və həbs edilib”.
Müdafiə Komitəsi alimin azad edilməsi xahişi ilə İranın ali rəhbərliyinə müraciət edib. “İran prezidentinə müraciətimizə indiyədək cavab ala bilmirik”, - deyə S.Məlikov qeyd edib.

XS
SM
MD
LG