Accessibility links

Türkiyə ilə Azərbaycan bayraq probleminə son qoydu(audio)


Dünən axşam Türkiyə bayraqları 1918-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş Türk əsgərlərinin şərəfinə ucaldılmış abidənin önündə yenidən qaldırılıb.
Azərbaycan və Türkiyə bayraqları birgə dalğalandığı anda həm də Türkiyə parlamentinin bir qrup deputatının Bakıya səfəri başlayıb. Türkiyə bayraqlarının yenidən dalğalanması ictimaiyyət tərəfindən də sevinclə qarşılanıb.

Yeri gəlmişkən bildirək ki, bu il noyabrın 14-də Bursa stadionunda Türkiyə-Ermənistan futbol matçına Azərbaycan bayraqlarının buraxılmaması və Azərbaycan bayraqlarına diqqətsizlik göstərilməsindən sonra noyabrın 16-da Azərbaycanda Şəhidlər xiyabanında Türk əsgərinin abidəsi önündən Türkiyə bayraqları götürülüb. Bayraq məsələsi hər iki ölkə ictimaiyyətinin, yüksək dövlət və hökumət rəhbərlərinin də narahatlığına səbəb olub. Bu məsələ eyni zamanda, Türkiyə prezidentinin Azərbaycan prezidentinə telefon zəngi və Türkiyə xarici işlər nazirinin Azərbaycana səfəri zamanı söhbət mövzusu olub. Nəhayət, Türkiyə prokurorluğu Bursada Azərbaycan bayraqlarına diqqətsizliklə bağlı araşdırmalara başlayıb, bir polis rəisi vəzifəsindən azad edilib. Azərbaycan isə dünən axşam Türkiyə bayraqlarını Türk əsgərinin abidəsi önündə yenidən qaldırıb.

Bu gün Milli Məclisdə Azərbaycan və Türkiyə deputatlarının görüşü zamanı da iki ölkənin bayraqlarının birgə dalğalanması məmnunluqla qarşılanıb.
Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komissiyasının sədri Murad Mərcan bildirib ki, Türkiyə-Azərbaycan qardaşlığı əbədidir. Buna xələl gətirəcək hər hansı qərar qəbul edilə bilməz.

Türkiyə parlamentinin nümayəndə heyəti prezident İlham Əliyev tərəfindən də qəbul edilib. Cənab Mərcanın dediyinə görə, görüşdə Türkiyə və Azərbaycan parlamentlərinin üzvlərinin ildə iki dəfə görüşməsi qərara gəlinib və növbəti görüş Naxçıvanda olacaq.

Komissiya sədri həmçinin Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolun Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə edilməyincə parlamentdə ratifikasiya olunmayacağını diqqətə çatdırıb.

Azərbaycan parlamentinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan və Türkiyə bayraqlarının həmişə bir olduğunu deyib. O eyni zamanda, son dövrdə həm Türkiyə, həm də Azərbaycanda bir sıra problemlərin yaşandığını da xatırladıb.

XS
SM
MD
LG