Accessibility links

Dəyirmi Masa: İran-Türkiyə təmasları


Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan bu həftənin əvvəlində 200 nəfəlik nümayəndə heyəti ilə birgə İrana səfər etdi. Regional ictimaiyyətin diqqətlə izlədiyi səfər əsnasında Türkiyə ilə İran arasında ikitərəfli əməkdaşlıq yönümündə mühüm sazişlər imzalandı. Bir çox mütəxəssislər Türkiyənin son xarici siyasət addımlarını rəsmi Ankaranın siyasi orientasiyasında dönüş nöqtəsi kimi dəyərləndirir. Türkiyə-İran təmasları və bunun regional təsirlərini müzakirə etmək üçün həftənin dəyirmi masa söhbətinə Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı və Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğanı dəvət etdik.

Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanın İrana səfəri öz xüsusiyyətləri ilə seçildi. Baş nazirin rəhbərlik etidiyi nümayəndə heyətinin böyük həcmi və imzalanan sənədlərin mühümlüyü indiyədək elə də isti münasibətlər saxlamayan iki ölkə arasında qeyri-adi bir yaxınlaşmadan xəbər verir. Səfərin motivlərini əsaslandıran Sinan Oğan bildirdi ki, Türkiyə hazırda qonşuları ilə sıfır problemi siyasəti yürüdür. Və İranla münasibətlərdəki dəyişikliyə də bu prizmadan baxılmalıdır. Belə ki, son həftələrdə rəsmi Ankara Yerevan və Dəməşqlə də əlaqələrin normallaşdırılması yönümündə addımlar atıb. Türkiyənin Qərbdən Şərqə doğru üz döndərməsi haqda sualı cavablandıran cənab Oğan bildirdi ki, Türkiyə regiondakı addımlarını ABŞ-la uzlaşdırır və Avropa ilə inteqrasiyada maraqlı olaraq qalır.

Türkiyə baş nazirinin İrana səfərini şərh edən Araz Aslanlı səfər çərçivəsində İran azərbaycanlılarının durumuna yer ayrılmamasından məyusluğunu bildirdi. Onun sözlərinə görə rəsmi Ankara uzun müddət İrandakı türk azlığın hüquqlarının qorunması yönümündə əməli addım atmayıb. Ərdoğanın səfər zamanı Təbrizdə dayanması İran liderliyinə Türkiyənin bu istiqamətdəki öhdəliyi barədə mühüm mesaj göndərərdi. Bundan əlavə, cənab Aslanlı Türkiyə-İran yaxınlaşmasının Azərbaycanla İran arasındakı gərgin münasibətlərə əhəmiyyətli təsir göstərməyəcəyini bildirdi. Cənab Aslanlı vurğuladı ki, İran Azərbaycan dövlətinin mövcudiyyətinə qısqanclıqla yanaşır və bunu öz milli təhlükəsizliyinə hədə kimi görür.

XS
SM
MD
LG