Accessibility links

ABŞ Mətbuatı: İran müxalifəti növbəti aksiyalara hazırlaşır


İran qarşıdan gələn çərşənbə günü mühüm ildönümün qeyd olunmasına hazırlaşdıqca müxalifət hərəkatının liderləri tərəfdarlarını həftəsonu nümayişə səsləməklə hökuməti sınağa çəkirlər. New York Times-ın yazdığına görə hərçənd ki, müxalifət liderləri Mir Hüseyn Musəvi və Məhəmməd Xatəmi açıq şəkildə etiraz aksiyalarına çağırmayıblar, onların son bəyanatı davamçıları tərəfindən döyüş təbilinin çalınması kimi qiymətləndirilir.

Noyabrın 4-ü Tehranda 30 il bundan öncə sərt xətt təmayüllü tələbələr ABŞ səfirliyinə hücum edərək binanı ələ keçirmişdilər. Hər il İranda bu olay münasibətilə anti-Amerika nümayişləri düzənlənir. Həftələrdən bəri müxalifət qrupları bu hadisəni hökumətə qarşı seçki etirazına çevirmək haqda çağırışlar səsləndiriblər. Rəsmilər isə hər hansı bir etiraz cəhdini dərhal zorla yatıracaqlarını aydın ediblər.

Çərşənbə günü İranın ali dini lideri Ayətulla Əli Xameneyi bəyan etdi ki, seçkilərin nəticələrini sual altına almaq ən böyük cinayətdir. New York Times-ın yazdığına görə öz çıxışında Xameneyi Noyabrın 4-nə planlaşdırılan etiraz aksiyalarına işarə etməsə də onun açıqlaması hökumətin müxalifətə sərt xəbərdarlığı kimi dəyərləndirilir. Cənab Musəvi son ay ərzində verdiyi ilk bəyanatında tərəfdarlarını seçkilərin nəticələrinə qarşı etiraz səslərini ucatlmaqda davam etməyə çağırıb. Noybarın 4-ü misal gətirən Musəvi hökumətin xalqın səsini eşitməsinin vacibliyini vurğulayıb. Seçkilər zamanı prezident Mahmud Əhmədinejadın əsas rəqibi olmuş Musəvi öz tərəfdarlarını ölkənin əsil sahibləri adlandırıb. Sabiq prezident Məhəmməd Xatəmi də oxşar bəyanatla çıxış edərək seçkilərin nəticələrini sual altına alıb. "Əgər bu sistemin bünövrəsinə inanan adamlar danışa bilmirlərsə, onda buna inanmayan şəxslər əmələ keçəcəklər," deyə o, bildirib.

İran müxalifətinin xarakteri hələ də bir çox Qərb müşahidəçilərinə sirr olaraq qalır. Lakin əgər bu yaxınlarda Vaşinqtona gəlmiş müxalifət nümayəndəsi göstəricidirsə onda demək olar ki, bir çoxları gördüklərindən məyus olublar. “İranın sevilə bilməyən müxalifəti” adlı yazısında Washington Post qəzetinin yazarı Cəkson Diehl prezidentliyə sabiq namizəd Mehdi Kərrubinin Avropadakı sözçüsü Ataolla Mohacereninin Vaşinqtonun Yaxın Şərq İnstitutundakı çıxışından təəssüratlarını bölüşür. Diehlin sözlərinə görə tədbirə toplaşmış adamlar İran hökumətini sərt tənqid edəcək və dəyişiklik vədini təşvqid edəcək bir natiq gözləyirdilər. Əvəzində Mohacereni 1953-cü ildə ABŞ-ın Tehranda dövlət çevrilişində əli olmasından başlayaraq Əhmədinejadın İranın nüvə proqramı haqda dediklərinə bənzər bəyanatlar verdi. İran prezidentinin Holokostu inkarından özünün uzaqlaşdırsa da Mohacereni İsrailin atom bombalarına malik olduğunu vurğuladı, və İranın İsrailə qarşı hədələrini dövlət katibi Hillari Klintonun İrana ünvanladığı hədələrlə müqayisə etdi. Çıxışından belə məlum oldu ki, Mohacerenin təmsil etdiyi müxalifət hətta Əhmədinejad hökumətinin Qərbə nüvə proqramı ilə bağlı getdiyi güzəştləri də qeyri-legitim hesab edə bilər. Mohacereninin təqdimatı zaldakı amerikalı liberalları və hətta bir neçə iranlını da təbdən çıxardı. Alim Mehdi Xələci söylədi ki, Mohacereni Kərrubini təmsil edə bilər, amma o, küçələrə axışmış minlərlə tələbəni, qadınları və insan haqları fəallarını təmsil etmir, və bu adamlar hazırkı teokratik rejimin cızdığı çərçivə hüdudlarında fəaliyyət göstərmək istəmir. Xələci ilə simpatiyasını bölüşən Cəkson Diehlin sözlərinə görə fakt faktlığında qalır ki, Kərrubi və onun müttəfiqi Mir Hüseyn Musəvi hətta hazırkı rəhbərliyi devirdikləri təqdirdə belə İranda hakimiyyətin mahiyyəti yox, yalnız stili dəyişəcək. Belə ki, Mohacereni özü də əsas fikir ayrılığını idarəçilik fəlsəfəsində yox, səsvermənin nəticələrində görür.

XS
SM
MD
LG