Accessibility links

Bakıda daha 8 nəfərdə donuz qripi aşkarlanıb


Bu gün Bakıda daha 8 nəfərin A/H1N1 qripinə yoluxduğu müəyyən edilib. Onların 3 nəfəri Ukraynadan, 1 nəfəri Türkiyədən gəlib, 3 nəfər Ukraynadan gəlmiş vətəndaşlarla təmasda olanlardır, 1 nəfər isə Böyük Britaniya vətəndaşıdır. Bu barədə Səhiyyə Nazirliyinin Sanitariya Epidemioloji Nəzarət sektorunun müdiri Viktor Qasımov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.
Onun dediyinə görə, xəstələrin hamısının vəziyyəti kafidir, ağır olan yoxdur.
Cənab Qasımov bildirib ki, Səhiyyə nazirliyi bu ilin aprelindən başlayaraq qabaqlayıcı tədbirlər həyata keçirməyə başlayıb. “Hazırda məktəblərdə, universitetlərdə, metro stansiyalarında, dəmiryol və avtovağzallarda dezinfeksiya işləri aparılır. Sərhəd-keçid məntəqələrində, qatarlarda, hava limanlarında virusa yoluxmuş insanlarla bağlı monitorinqlər həyata keçirilir”.
Sektor müdiri ölkədə xəstələrin sayının artacağı ehtimalının olduğunu bildirib. “Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, A/H1N1 qripinə yoluxma halları dünya üzrə artmaqda davam edir. Amma Azərbaycan kifayət qədər dərman ehtiyatı yaradıb. Xəstələrin yerləşdirilməsi üçün xəstəxanalar ayrılıb”.
Cənab Qasımov noyabrın sonlarında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana qrip əleyhinə vaksinlər göndərəcəyini də bildirib.
Son günlər isə yerli apteklərdə qoruyucu maskaların və dərman preparatlarının qiymətlərinin bir neçə dəfə artması Səhiyyə nazirliyində narahatlıq yaradıb. Sektor müdiri bildirib ki, ölkədə kifayət qədər qoruyucu maska və dərman ehtiyatı var. “Sadəcə bəzi apteklər tələbatın artmasından sui-istifadə edərək qiymətləri süni şəkildə artırır”.
Hazırda ölkədə A/H1N1 qripinə yoluxmuş 13 xəstə var.

XS
SM
MD
LG