Accessibility links

70 milyon iranlıya bir milyon donuz qripi vaksini


İranın Səhiyyə Nazirliyinin müavini deyib ki, yalnız 2 milyon vaksin almaq üçün büdcə ayrılıb. Bu isə bir milyon insana vaksin verilməsinə imkan yaradır. Həsən İmamiye Razavi “Mehr” xəbər agentiliyinə deyib ki, bu vaksinlər bir ay ərzində İrana gələcək.

Səhiyyə nazirinin başqa bir müavini Əli Kuşanın Təbriz şəhərində çıxışı zamanı bildirdiyinə görə, İranda donuz qripi yaxud da Anfolanzasi üçün vaksin yoxdur: “Nə biz özümüz vaksin istehsal etmişik, nə də xaricdən vaksin almışıq”. Bir milyon vaksin alınması xəbəri bir səhiyyə rəsmisinin 70 milyon əhalisi olan İranda hər həftə 4000 adamın bu xəstəliyə yolduğunu söyləməsindən sonraya təsadüf edir.

Bu qripin yayılmasının qarşısını almaq üçün səhiyyə naziri məktəblərin rəhbərliklərinə xəbərdarlıq etmişdi ki, şagirdlərin 15 faizi xəstələnsə, həmin məktəblər müvəqqəti bağlansın.

İrandan gələn xəbərlər göstərir ki, indiyədək yüzlərlə məktəb tətil edib. Tehranda 271 mədrəsə, Babulun məktəbləri, Nuşəhrin 7 məktəbi, İsfahanın bir çox mədrəsələri, Kohkoloiyye və Boyerəhmədin 68 məktəbi və bir çox digər şəhərlərin məktəbləri bağlanıb.

Bu yaxınlarda Təbrizin bir rəsmisi bu ay 500,000 təbrizlinin donuz qripinə tutulmasını elan etmişdi. Buna görə də bəzi dairələr onu məsələni şişirtməkdə ittiham etmişdilər.

Təbrizin xəstəxanalarına müraciət edənlərin dediklərinə görə, şəhərin bir çox sakinləri bu xəstəliyə yoluxub.

Adının açıqlanmasını istəməyən bir xanım Amerikanın səsinin Azərbaycan xidmətinə bildirib ki, Təbrizdə çətin bir ev tapılar ki, bu ailənin ən azı bir- iki üzvü donuz anfolanzası tutmamış olsun: “Xəstəxanalar tam doludur. Doktorlar hamıya müstəlif dərman yazırlar. Bəllidir ki, doktorlar xalqı ümidsiz qaytarmaq istəmir. Ona görə də müxtəlif soyuqdəymə dərmanları yazırlar. Hamiya 3-4 min tümənlik (3-4 Dollar) dərman verilir.

İranın rəsmi xəbər agentliklərindən gələn xəbərlərin heç birində İran Azərbaycanında mədrəsələrin tətil edilməsi və azərilərin xəstəlik səbəbilə ölməsi barədə məlumat verilmir. Bü günədək ən azı 6 İran Azərbaycanlısı donuz qripindən dünyasını dəyişib.

“Əvrin-e Xoy” həftəliyi yazır ki, 16 yaşlı bir urmiyəli qız donuz anfolanzası səbəbindən vəfat edib. “Əvrin”, səhiyyə rəsmisi Kamran Dehqaninə istinadən yazdığına görə: Şərqi ya Qərbi Azərbaycanın məktəblərinin aşağı siniflərinin bir çoxu bağlanıb.

Qeyd edək ki, İran rəsmiləri donuz qripinin ölkəyə züvvarlar vasitəsi ilə gəldiyini deyir. Ona görə də rəsmilər bu il Məkkəyə gedənlərin qarşısını almağa çalışırdılar. Amma bəzi möctehidlərin müdaxiləsi nəticəsində 60 min adama haca getməyə icazə verildi.

İranın bir səhiyyə rəsmisinin sözlərinə görə, bu il hacı olanların 80 faizi donuz qripinə tutulacaqlar və o iranlılardan hacılar İrana dönəndən sonra onlarla yaxın təmasda olmamağı xahiş etmişdi.

Bu günədək İranın Səhiyyə rəsmiləri 33 iranlının donuz qripinə yoluxaraq , ölməsini təsdiq edib.
XS
SM
MD
LG