Accessibility links

Azərbaycan məhkəməsi blogerlərə həbs qərarı çıxardı


Səbail rayon məhkəməsi gənc blogerlər Emin Millini 2 il 6 ay, Adnan Hacızadəni isə 2 il həbs cəzasına məhkum edib. Onlar xuliqanlıqda və sağlamlığa xəsarət yetirməkdə təqsirli bilinir.
Adnan Hacızadə yekun sözündə məhkəmə heyətinə müraciət edərək “ədalətli qərar çıxarmaq üçün hüquq sahəsində peşəkar olmaq lazım deyil”, - deyə bildirib.
Emin Milli isə deyib ki, “öz ideallarına görə cəza çəkməkdən daha böyük şərəf ola bilməz”.
Vəkil İsaxan Aşurov ittihamın sovet totalitarizminin ən yaxşı ənənələri üzərində qurulduğunu deyib. İlk gündən istintaq qanun pozuntuları ilə aparılıb. “Tərəflər üçün qeyri-bərabər şərait yaradılıb. Təqsirsizlik prezumsiyası və məhkəmə çəkişməsi prinsipləri pozulub”.
Hüquq müdafiəçiləri də məhkəmənin qərarını siyasi adlandırıb. “Sülh və Demokratiya” institutunun direktoru Leyla Yunus Sovet məhkəmələrinin belə, bu qədər açıq siyasi qərar qəbul etmək iqtidarında olmadığını deyir.
ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson məhkəmə prosesinin gənclərin həbsi ilə başa çatmasına təəssüfünü bildirib. Onun sözlərinə görə, çox yəqin ki, yaxın günlərdə Dövlət Departamenti blogerlər həbsi ilə bağlı bəyanat verəcək. “ABŞ səfirliyi məhkəmə prosesini diqqətlə izləyib. Çox təəssüf edirik ki, söz azadlığı üçün çalışan Adnan və Emin məhkum edildi”.
Adnan Hacızadənin atası Hikmət Hacızadə məhkəmənin qərarını Azərbaycan üçün böyük biabırçılıq adlandırıb.
Öz növbəsində, iqtidarda olan Yeni Azərbaycan partiyasının sədr müavini Əli Əhmədov məhkəmənin qərarını hörmətlə yanaşmağı lazım bilir.
“Ol!” gənclər hərəkatının lideri Adnan Hacızadə və ANTV İnternet-televiziyanın yaradıcısı Emin Milli iyulun 8-də kafedə baş vermiş insidentdən sonra həbs edilib. Yerli və beynəlxalq hüquq müdafiəçiləri gənclərin İnternetdə nümayiş etdirdikləri fərqli siyasi fikrə, eşşəklə bağlı siyasi satiralı videosüjetə görə həbs edildiyini deyir. Çoxsaylı beynəlxalq təşkilatlar, Qərb ölkələrinin parlament və hökumət nümayəndələri Azərbaycan hakimiyyətini blogerləri həbsdən azad etməyə çağırıb.


XS
SM
MD
LG