Accessibility links

Beynəlxalq ictimaiyyət blogerlərin həbsini pisləyir


Azərbaycan məhkəməsinin gənc blogerlər Emin Millini 2 il 6 ay, Adnan Hacızadəni 2 il həbs cəzasına məhkum etməsi geniş beynəlxalq və yerli etirazlara səbəb olub. Dünyanın ən nüfuzlu təşkilatları Azərbaycan hökumətini məhkum edən sərt bəyanatlarla çıxış edib.
Amnesty İnternational təşkilatı Emin Milli və Adnan Hacızadəni “vicdan məhbusu” elan edib, Azərbaycan hökumətini blogerləri dərhal azadlığa buraxmağa çağırıb.
Təşkilatın Avropa və Mərkəzi Asiya proqramının direktoru Nikola Dukvors deyib ki, ittihamlar saxtadır. “Gənclərə qarşı məhkəmə hökmü ifadə azadlığının boğulması və hökumətin tənqidlərə qarşı cavabıdır” .
Human Rights Watch və Freedom House beynəlxalq hüquq-müdafiə təşkilatları blogerlərin həbsini ifadə azadlığı məsələsində geriyə doğru addım kimi qiymətləndirir. “Bu ifadə azadlığına qarşı düşmənçiliyin güclənməsinə dəlalət edir”, - deyə Human Rights Watch-un bəyanatında bildirilir.
Freedom House-un bəyanatında deyilir ki, blogerlərin həbsi “Azərbaycanda yeni media növlərinin fəaliyyətinə ciddi zərbədir”.
Təşkilat Azərbaycanda Qərb radiostansiyalarının yayımının dayandırılması və hökuməti tənqid etdiyinə görə çoxsaylı jurnalistlərin həbsi faktlarını xatırladır. Baş verənlər hakimiyyətin bələdiyyə və sonra parlament seçkiləri ərəfəsində medianı daha çox nəzarətə götürmək cəhdi kimi qiymətləndirilir. “Ənənəvi mətbuat növlərinin fəaliyyətinin kəskin şəkildə məhdudlaşdırılmasından sonra Azərbaycanda sosial jurnalistika və onlayn müzakirələr xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Buna görə blogerlərin həbsi xüsusilə narahatlıq doğurur, çünki cəmiyyətin informasiya əldə etmək imkanlarını məhdudlaşdırır”,- deyə təşkilatın nümayəndəsi Kristofer Uolker belə hesab edir.
“Sərhədsiz reportyorlar”ın bəyanatında deyilir ki, “məhkəmə əvvəldən axıra kimi biabırçı olub”. “Avropa İnsan Hüquqları Konvensiyasını imzalamış bir ölkə necə bu qədər kobud və həyasız hərəkət edə bilər”, - deyə təşkilat sual edir.
Norveçin Azərbaycandakı səfirliyi bildirir ki, məhkəmə təhqiqatı və ümumilikdə iş Azərbaycanda qanunun aliliyi və ifadə azadlığı nöqteyi-nəzərdən ciddi suallar doğurur. “Norveç səfirliyi ümid edir ki, nəzərdə tutulan apellyasiya şikayətinə baxılması ədalətli və şəffaf aparılacaq”.
Avropa Şurasının baş katibi Turbyorn Yaqland blogerlərin həbsini yalnız Adnan və Eminin deyil bütövlükdə Azərbaycan xalqının azadlığının təhlükə altında olduğu kimi dəyərləndirir. ”İfadə azadlığı demokratiyanın zəruri şərtidir. Onsuz heç bir azadlıq, heç bir yaradıcılıq potensialı, heç bir yaxşı ideya, yaxşı qərar və heç bir sosial irəliləyiş ola bilməz. Gündəlikdə təkcə Adnan və Eminin azadlığına deyil, Azərbaycanda bütün insanların azadlıq və rifahına olan təhlükə durur”, - deyə cənab Yaqland qeyd edib.
AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel və AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kriştof Ştrasser də “satirik bloqların” müəllifləri Emin Milli və Adnan Hacızadənin həbs edilməsi ilə bağlı narahatlıqlarını bildirib. “Bu hadisə Azərbaycanda ifadə azadlığına daha bir zərbə və ölkənin demokratikləşməsi yolunda ciddi uğursuzluqdur”, - deyə məruzəçilər qeyd edir.
Avropa İttifaqı prezidentliyinin bəyanatında da narahatlıq ifadə edilir. “Prezidentlik təəssüf edir ki, məhkəmə prosesi obyektiv olmayıb və bu qərar gələcəkdə Azərbaycanda ifadə azadlığını sarsıda bilər”.
Blogerlərin həbsi ilə bağlı ABŞ Dövlət Departamentinin, beynəlxalq və yerli təşkilatların bəyanatına rəsmi hakimiyyət müraciətlərimizə baxmayaraq hələ cavab verməyib. Bununla yanaşı, iqtidarda olan “Yeni Azərbaycan” Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı beynəlxalq təşkilatları məhkəmənin qərarına hörmətlə yanaşmağa çağırır.
Müxalifətdə olan “Müsavat” partiyasının başqanı İsa Qəmbər isə məhkəmə qərarını biabırçılıq adlandırır. O beynəlxalq ictimaiyyətin bəyanatlarının kəskin xarakterini bəyənir və reallığı əks etdirdiyini deyir.
Cənab Qəmbər seçkilər öncəsi gənclərin həbsinin ictimaiyyəti və xüsusilə Azərbaycan gəncliyini qorxutmadığını bildirib. Gənclər haqları uğrunda mübarizədə qalib çıxacaq.

XS
SM
MD
LG