Accessibility links

Azərbaycanın Sosial Müdafiə büdcəsi tənqid edilir



Milli Məclis Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsini müzakirə edib. Müzakirələr kəskin bəyanatlar və hətta siyasi bəyanatlarla yadda qalıb. İqtidarda olan partiyanın üzvü olan deputat gələn il keçiriləcək parlament seçkilərinin təxirə salınmasını təklif edib. YAP sədrini müavini isə işləyən pensiyaçılara əmək haqqı ilə bərabər pensiya verilməsini düzgün hesab etmədiyini bildirib.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov sosial müdafiə fondunun büdcəsinin 1 milyard 757 milyon 200 manat həcmində nəzərdə tutulduğunu deyib. Hazırda Azərbaycanda 1 milyon 307 min pensiyaçı var. Onların 850 min nəfəri yaşa görə, 317 mini əlilliyə görə, 140 min nəfəri isə ailə başçısını itirdiyinə görə pensiya alır.
Cənab Müslümov fonda sığorta ödəyicilərinin son illər yeni açılmış iş yerlərinin hesabına 548 min artdığını bildirib. Xatırladaq ki, sığorta ödəyiciləri pensiyaçıların sayından cəmi bir necə yüz min nəfər çoxdur.
Müxalifətdə olan “Müsavat” deputat qrupunun üzvü Pənah Hüseyn fondun büdcəsində bütün parametrlər üzrə göstəricilərin azaldığını deyib. Onun fikrincə, hökumət büdcənin azalmasını heç bir halda stabillik və inkişafla izah edə bilməz. “Əmək pensiyalarının baza hissəsi, həm də pensiyaya çıxmağın yaş həddi qaldırıldı. Bu da son 20 ildə ən antihumanist addımdır.
YAP üzvü deputat Musa Quliyev Sosial Müdafiə Fondunun büdcəsinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldiyini deyib.
Deputat Əli Məsimli bildirib ki, ölkədə pensiyaçıların 60 faizi ayda cəmi 75 manat pensiya alır və bu yaşayış minimumundan çox aşağıdır.
“Yeni Azərbaycan” partiyasının üzvü, deputat Aydın Həsənov isə sensasiyalı siyasi təkliflə çıxış edib. O hesab edir ki, gələn keçiriləcək parlament seçkiləri təxirə salınmalı və seçkiyə ayrılmış 50 milyon manat sosial xərclərə yönəldilməlidir.
Deputatının bəyanatını YAP sədrinin müavini Əli Əhmədov onun parlamentə zarafatı kimi qəbul edir. Cənab Əhmədov gələn il parlament seçkiləri keçiriləcəyini deyib.

XS
SM
MD
LG