Accessibility links

ABŞ prezidenti Şanxayda çinli tələbələrlə görüş keçirib


ABŞ prezidenti Barak Obama Çinin sənaye mərkəzi olan Şanxay şəhərində tələbələrlə görüş keçirib. Cənab Obama informasiya azadlığının əhəmiyyətini vurğulayıb, eyni zamanda Vaşinqton və Pekin arasında daha geniş əməkdaşlığa çağırıb.

Görüşün əvvəlində prezident Obama daha çox professional ton götürərək, Vaşinqton və Çin arasında münasibətlərin tarixi və birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.
“Biz bilirik ki, qüdrətli dövlətlər toqquşmaq deyil, əməkdaşlıq edəndə daha çox nailiyyət əldə edilir.”-deyə o bildirib.

Lakin prezident Obama aydın bildirib ki, o, amerikalıların çox mühüm saydığı azadlıqları müdafiə edəcək.“Biz söz və din azadlığı, informasiya almaq və siyasi proseslərdə iştirak etmək azadlıqlarının universal hüquqlar olduğuna inanırıq. Bütün insanların onlardan istifadə etmək hüququ var.”-deyə o bildirib.

Çin dünyada ən çox internet və mobil telefon istifadəçisinin olduğu ölkədir. Lakin Çin hökuməti bəzi internet səhifələrinə məhdudiyyətlər qoyub. Prezident Obama internetdən azad istifadənin böyük tərəfdarı olduğunu deyib. “Fikrimcə, informasiya nə qədər azad şəkildə axsa, cəmiyyət bir o qədər güclü olar, çünki o zaman vətəndaşlar öz hökumətlərini məsul tuta və özləri haqda fikirləşə biləcək. “-deyə o bildirib.

Prezident yeni medianın xeyrini vurğulayıb, lakin eyni zamanda zəif cəhətlərin olduğunu qeyd edib. “Bu, o deməkdir ki, terrorçular internetdə əvvəllər olmadığı bir şəkildə təşkilatlana bilər.”-deyə o bəyan edib.

Cənab Obama terrorizm məsələsinə auditoriyadan ona Əfqanıstanda müharibə strategiyasının nəzərdən keçirilməsilə bağlı sual verilərkən qayıdıb. “Mən inanıram ki, Birləşmiş Ştatlar üçün ən böyük təhlükə Əl-Qaidə kimi terror şəbəkələridir. Ona görə ki, onların sayı az olsa, günahsız insanları məhv etməyə gəldikdə onlar vicdanı olmadıqlarını göstəriblər.”

Prezident Obamanın çinli tələbələrlə keçirdiyi görüş Ağ Evin veb səhifəsində canlı göstərilib. Yerli televiziyada göstərilsə, görüş Çinin dövlət televiziyasında yayımlanmayıb.





XS
SM
MD
LG