Accessibility links

Azərbaycanda böhtan problemi müzakirə edilir 


Avropa Şurası və Azərbaycan Mətbuat Şurası “Azərbaycanda diffamasiya və ifadə azadlığı” mövzusunda konfrans keçirib. Konfransda ifadə azadlığı və diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məsələləri müzakirə edilib.
Avropa Şurası baş katibinin Bakıdakı xüsusi nümayəndəsi Veronika Kotek bildirib ki, Azərbaycanda ifadə azadlığı ilə bağlı problemlər var. “Problemlərin aradan qaldırılması üçün tədbirlər görülməlidir. Bunun üçün, ilk öncə dövlət məmurları bilməlidir ki, böhtan və təhqirə görə cinayət məsuliyyəti aradan qaldırılıb. Media davranış etikasına əməl etməli, məhkəmələrdə Avropa qaydaları tətbiq edilməli və parlamentarilər diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılıb - qaldırılmaması ilə bağlı müzakirələr aparmalıdır”.
Çıxışlarda “Diffamasiya haqqında” qanunun qəbul edilməsinin vacibliyi qeyd edilib. Eyni zamanda, bir sıra natiqlər qanunun media-cəmiyyət arasındakı problemlərin həllindən sonra qəbulunun vacibliyi vurğulayıb. Mətbuat Şurasın sədri Əflatun Amaşov böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılmasını dəstəkləyir. Ancaq o, aparılan sorğuların nəticələrinə görə, məmurların qanunun qəbulunun əleyhinə olduğunu deyir. Mətbuat Şurasına daxil olan şikayətlərin 75 faizindən çoxunu məmurlar edib.
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Vüqar Əliyev ölkədə 4000-dən çox medianın olduğunu deyib. Onun fikrincə, dövlət söz və ifadə azadlığını dəstəkləyir və onun inkişafına daim qayğı göstərir. Cənab Əliyev “Diffamasiya haqqında” qanunun qəbulunun uzaqda olmadığını bildirib. Ancaq bunun üçüm hökumət və media üzərinə düşən çoxsaylı problemləri həll etməlidir.
Avropa Şurasının eksperti Hyu Tomlinson jurnalistlərin hər hansı bəhanə altında həbsinin əleyhinədir. Onun fikrincə, ifadə azadlığı demokratiyanın əsas şərtidir. “Diffamasiyaya görə cinayət məsuliyyətinin olmaması Avropa Şurasına üzv dövlətlərdə demokratikləşmə prosesinin çox vacib bir elementidir. Jurnalistlərin ifadələrinə görə bu və ya digər formada cəzalandırılması aradan qaldırılmalıdır. Siyasətçilər bu qanun qəbul edildikdən sonra belə, bəzən digər qanunvericilik aktlarına istinad etməklə də jurnalistlərin cəzalandırılmasına nail ola bilir. Amma, ona qarşı da hökumətlərin tədbir görməsi vacibdir. Çünki ifadə azadlığı təmin edilməyən ölkədə demokratiyadan danışmaq mümkün deyil” .
Müstəqil ”Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı hesab edir ki, diffamasiyaya görə həbs cəzasının aradan qaldırılması məsələsi gündəliyə gəldikdən sonra Azərbaycanda jurnalistlər bu ittihamla həbs edilmir. İndi başqa metodlar işləyir.

XS
SM
MD
LG