Accessibility links

İlham Əliyev: Bütün torpaqlardan erməni qoşunlarının çıxarılması nəzərdə tutulur


“Artıq danışıqların mövzusunda bütün torpaqlardan erməni qoşunlarının çıxarılması nəzərdə tutulur, bütün 7 rayondan. Eyni zamanda, azərbaycanlıların Dağlıq Qarabağa qaytarılması da artıq danışıqlar mövzusudur. Halbuki əvvəllər bu barədə heç söhbət də getmirdi”. Bu bəyanatla prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində doğma yurdlarından qovulmuş məcburi köçkün ailələri üçün tikilmiş yaşayış binaları kompleksinin istifadəyə verilməsi ilə bağlı tədbirdə çıxış edib.
Prezident bildirib ki, Ermənistan tərəfinin mövqeyi Azərbaycana danışıqların perspektivi ilə bağlı ümid verir. “Bu bizim danışıqlarda iştirakımıza elə bil ki, əlavə stimul verir. Hesab edirik ki, hələ ümidlər var”.
Dövlət başçısı eyni zamanda deyib ki, Ermənistan tərəfi vaxtuzatma taktikasını seçib, vaxt uzadır. “Gah ortalığa yeni mövzular atılır, gah əvvəlcə razılaşdırılmış məsələyə yenidən baxmaq istəyir. Yəni bu nəyi göstərir? Biz indi bilirik, bu taktika nədən ibarətdir. Vaxt uzatmaqdan. Vaxtı uzatmaq onlara heç nə vermir. Çünki onların əsas məqsədi torpaqlarımızda erməniləri məskunlaşdırmaqdır. Amma, bunu etmək üçün onlarda canlı qüvvə yoxdur. Ermənistanın əhalisi azalıb. Bu gün orada real yaşayan insanların sayı 1 milyon 700 mindir. Getdikcə onlar təmas xəttini qoruya bilməyəcək”.
O nəhayətdə Azərbaycan torpaqlarının işğalçılardan azad olunacağına şübhə etmədiyini bildirib. “Əsas məsələ hansı yolla, ya sülh yolu ilə, ya hərbi yolla”, - deyə dövlət başçısı sual edib.
Prezident işğalın aradan qaldırılması üçün iki yolun sülh və hərbi yolun olduğunu çıxışı boyu bir neçə dəfə xatırladıb. “Başqa yol yoxdur. Ancaq biz daha bu prosesi uzada bilmərik. On beş ildir ki, atəşkəs rejimi bağlanıb. On beş il ərzində, daha doğrusu, ondan da əvvəl, 1992-ci ildə Minsk qrupu yaradılıb. Minsk qrupu fəaliyyət göstərir. Amma bu fəaliyyətin nəticəsi var? Yoxdur. Bu reallıqdır”.
Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə Azərbaycan-Ermənistan danışıqlarının yaxın zamanda müsbət nəticə verəcəyinə inanmır. Onun dediyinə görə, işğal altında olan bütün torpaqların qaytarılması məsələsi 1999-ci ildən danışıqların mövzusudur. “Bu sabiq prezident Levon Ter-Petrosyanın dövründə münaqişənin mərhələli həll variantına daxil idi. Amma Rusiya onu devirdi və danışıqlarda hələ də bu qalır. Nəticə isə yoxdur və yaxın zamanda mümkün deyil. Danışıqlar “bütün məsələlər həll edilməyibsə, heç nə həll edilməyib” prinsipi əsasında aparılır”.
Politoloq Rusiyanın hazırkı zamanda münaqişənin sülh yolu ilə başa çatmasına imkan verməyəcəyini düşünür. “Çünki, Rusiya hazırda Cənubi Qafqazda güclü nüfuza malikdir. O Gürcüstan müharibəsindən sonra Qafqazda mövqelərini daha da möhkəmlədib və bütöv Qafqazı təsir dairəsinə qaytaracağına inanır. Bu səbəbdən də Cənubi Qafqazda Rusiyanın mövqeləri zəifləməyincə münaqişənin sülh yolu həll olunacağına ümidlər çox azdır”.
Cənab Quluzadə Amerika prezidenti Barak Obamanın Çində Tibet probleminin Çinin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı bəyanatını alqışlayır. “Amerika prezidenti Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağı ilə bağlı da bəyanatla çıxış etməlidir. Bu bəyanat danışıqlar prosesinə təkan verər”,- deyə politoloq qeyd edib.


XS
SM
MD
LG