Accessibility links

Azərbaycan qaz satışı ilə bağlı Asiya bazarlarını öyrənir


“Azərbaycan qaz satışı imkanlarını, o cümlədən Asiya bazarlarını diqqətlə öyrənir. Xüsusən, biz Çinin perspektivlərini qiymətləndiririk”. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın müəyyən həcmdə təbii qazı var. Bu qazı “Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində xarici bazarlarda satmaq nəzərdə tutulur. “Karbohidrogen ixracı marşrutunun müxtəlifləşdirilməsi ixracatın sabitliyinin və təhlükəsizliyinin yeganə optimal təminatıdır”.
Cənab Nəsirov deyib ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin hazırkı imkanları (gündə 1,2 mln. barrel) Azərbaycanda hasil edilən neftin tam həcmdə ixracını təşkil etməyə imkan verir. “Bununla belə, biz 4 istiqamətdə: üç boru kəməri və dəmir yolu ilə neft ixrac edirik, çünki çoxistiqamətlilik milli maraqlara cavab verir”, - deyə o qeyd edib.
Vitse-prezident Azərbaycanın qaz ixracı məsələlərində də bu strategiyaya söykəndiyini bildirib. “Burada siyasi çalarlı səbəblər yoxdur”, - deyə cənab Nəsirov əlavə edib.
Türkiyə vasitəsilə qazın nəqli məsələsinə toxunan vitse-prezident qeyd edib ki, danışıqlar davam etdirilir. Buna baxmayaraq, o, bu danışıqların mürəkkəb olduğunu etiraf edib. “Bu, ticarətdir və tərəflərdən hər biri maksimum mənfəət əldə etməyə çalışır. Lakin danışıqlar nəticə verməsə, onda məsələni beynəlxalq iqtisadi məhkəmə vasitəsilə həll etmək imkanı var”. O, danışıqlar zamanı bütün məsələlərin yoluna qoyulacağına ümid etdiyini vurğulayıb.
Cənab Nəsirov, eyni zamanda münaqişə həll edilərsə Azərbaycanın Ermənistana neft, qaz satmasını mümkün sayır. “Bu Ermənistanın özünü necə aparmasından asılıdır”, - deyə o əlavə edib.

XS
SM
MD
LG