Accessibility links

İranda həbsdə olan Azərbaycan aliminin taleyi məlum deyil


İranda həbs edilən Azərbaycan alimi Rəşid Əliyevin Hüquqlarını İctimai Müdafiə Komitəsinin sədri Soltanhəmid Məlikov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, lazer tədqiqatları ilə məşğul olan alimin İranda həbsini əsassız adlandırıb. Onun dediyinə görə, İran şirkəti ilə müqavilə əsasında işləyən Azərbaycan alimi oradan geri qayıdandan sonra şirkətin çoxsaylı xahişlərindən sonra bir neçə günlüyə bu ölkəyə gedib. “Rəşid Əliyev İrana gedən kimi ilk öncə guya viza problemi ilə həbs edildiyi deyildi. Onun həbsi ilə bağlı Azərbaycana hər hansı məlumat verilməyib. Yalnız şirkət rəhbərliyi alimin həbs edildiyini bildirib. İndi isə deyirlər ki, guya Rəşid Əliyev casusluqda ittiham edilir”.
Cənab Məlikov hesab edir ki, bu ittihamların əsası yoxdur. “Rəşid Əliyev casus olsa idi ikinci dəfə İrana getməzdi. Eyni zamanda İran tərəfi Azərbaycan Xarici İşlər nazirliyinin, alimin ailə üzvlərinin , işlədiyi universitet rəhbərliyinin müraciətlərinə cavab verməyib. Onun ailəsinə həbslə bağlı hər hansı rəsmi məlumat verilməyib”, - deyə o qeyd edib.
Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev bir il əvvəl İranda həbs edilib. Rəşid Əliyev İranın “Sazan Electronics İndustry Company” şirkətinin dəvəti ilə, Bakı Dövlət Universitetinin rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Semnan şəhərinə gedib və 2006-2008-ci illərdə adıçəkilən şirkətlə əməkdaşlıq edib. Bu müddət ərzində o, şirkətdə ilk dəfə olaraq proqramla idarə edilən texnoloji lazer sistemlərinin qurulması və işə salınması, müasir lazer sistemləri üçün mükəmməl təcrübə və sınaq stendinin hazırlanmasına rəhbərlik edib.
Şirkətin rəhbərliyi alimə İranda daimi qalıb işləməsini təklif etsə də, o Azərbaycana qayıdıb. Bir müddət sonra şirkətin direktorunun xahişlərindən ötən il oktyabrın 5-də İrana qısamüddətli səfərə gedib. Bir gün sonra isə həbs edilib.

XS
SM
MD
LG