Accessibility links

Toni Bleyer Bakıda səfərdədir


Avropa Yenidənqurma və İnkişaf Bankının Azerbaijan Methanol Company-yə (AzMeCo) Bakıda metanoll istehsalı müəssisəsinin tikintisi üçün 120 mln. dollar ayrılması haqqında Memorandum imzalanıb. İmzalanma mərasimində Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer də iştirak edib. O, karbon qazının atmosferə tullantılarının azaldılması üzrə beynəlxalq səyləri fəal dəstəkləyir.
“Ətraf mühitin müdafiəsi üzrə qabaqcıl texnologiyaların tətbiqi ilə fərqlənən bu layihənin həyata keçirilməsindən çox məmnunam”, deyə cənab Bleyer qeyd edib.
Cənab Bleyer Qərbin postsovet məkanında demokratiyanı energetika maraqlarına qurban verməsi barədə jurnalistlərin sualı ilə razılaşmayıb. “Energetika məsələləri həqiqətən çox əhəmiyyətlidir, amma demokratiyanın qurban verilməsindən danışmaq olmaz. Demokratiya məsələləri həmişə diqqət mərkəzindədir”.
O, Azərbaycanda iki blogerin azadlıqdan məhrum edilməsi ilə bağlı şərh verməyib. “Böyük Britaniya XİN-in bəyanatına heç bir əlavəm yoxdur”, - deyə o qeyd edib.
Memorandumun kommersiya şərtlərinə görə, Avropa Yenidənqurma və İnkişaf Bankı dövlət zəmanəti olmadan 10 illik kredit verib. Kredit ümumi dəyəri 250 mln. dollar olan layihənin birinci fazası üçün ayrılır. Bu faza çərçivəsində hələ 2007-ci ildə 720 min ton gücə malik metanoll zavodunun tikintisinə başlanılıb. Müəssisənin tikintisi üzrə işlər artıq yarıyadək yerinə yetirilib. Bundan başqa, birinci faza çərçivəsində gündəlik istehsal gücü 600 ton və 1150 ton olan ammonyak və karbamid istehsalı zavodunun tikilməsi planlaşdırılır.
Turan Agentliyinin məlumatına görə, ümumilikdə yeni neft-qaz-kimya kompleksi sirkə turşusu (istehsal gücü 450 ton), dimetilefir (500 ton), formaldeqid (50 ton), metanil (40 ton) istehsalı üzrə daha 4 zavodun tikintisini nəzərdə tutur.
Kompleksin tam tikintisi 2013-cü ildə başa çatacaq. Layihənin ümumi dəyəri 1,1 mlrd. dollar təşkil edir. Layihənin maliyyələşdirilməsində AYİB-dən başqa Azərbaycan Beynəlxalq Bankı, Qara dəniz Yenidənqurma və İnkişaf Bankı və Kanadanın EDC bankı iştirak edəcək.
Kompleksdə məişət kimyası, elektronika avadanlıqları, mebel, metal-plastik məhsullar istehsal ediləcəyi planlaşdırılır. Bu məhsullar yerli tələbatı ödəməklə yanaşı, həm də Avropaya ixrac ediləcək
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyeri qəbul edib.
Azərbaycan prezidenti Böyük Britaniyanın ölkədə nüfuzlu şirkətlər vasitəsilə təmsil olunduğunu bildirib.

XS
SM
MD
LG