Accessibility links

Amerika-Türkiyə danışıqları Azərbaycanda müsbət qarşılanıb


Dünən Ağ evdə Prezident Barak Obama və Türkiyənin Baş nazir Rəcəb Tayyip Ərdoğan danışıqlarının diqqət mərkəzində Əfqanıstanı, İraqda vəziyyət, Yaxın Şərq sülh prosesi, Ermənistanla münasibətlərin yaxınlaşması, Kipr probleminin həlli və regional enerji məsələləri olub.Amerika-Türkiyə danışıqları dünyada olduğu kimi, Azərbaycan ictimai fikri və mediasında müzakirə edilən əsas mövzuya çevrilib. Yerli ictimaiyyət Amerika-Türkiyə danışıqlarına ümidlə baxır.
Politoloq Rasim Musabəyov iki ölkə arasındakı danışıqlarda Ermənistan-Azərbaycan münaqişəsinin müzakirə edilməsini mühüm adlandırır. O hesab edir ki, Türkiyə baş nazirinin sərhəd məsələsi və Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi ilə bağlı arqumentləri çox yəqin ki, Amerika tərəfini qane edir.
Türkiyə - Amerika danışıqları Azərbaycan iqtidarı və müxalifəti tərəfindən birmənalı müsbət qarşılanır. Müxalifətdə olan “Müsavat” partiyasının başqanı İsa Qəmbər hesab edir ki, iki ölkə arasındakı danışıqlar kəmiyyət və keyfiyyət baxımından müsbət və fərqli olub.
Cənab Qəmbər danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin əsas mövzulardan birinə çevrilməsini çox önəmli hesab edir.
İqtidarda olan “Yeni Azərbaycan” partiyasının icra katibinin müavini Mübariz Qurbanlı bildirir ki, cənab Ərdoğanın Amerikada müzakirə etdiyi məsələlər, xüsusilə Qağlıq Qarabağ məsələsində tutduğu mövqe Azərbaycan tərəfindən müsbət qarşılanır.
Politoloq Rasim Musabəyovun fikrincə, müzakirə edilən məsələlər Türkiyənin regionda nüfuzunun daha da artacağından xəbər verir. Xüsusilə İraqdan Amerika qoşunlarının çıxarılması ərəfəsində regionda təhlükəsizliyin təmin edilməsi önəmlidir. Politoloq hesab edir ki, danışıqlarda həm PKK-nın zərərsizləşdirilməsi, İraqda Amerika siyasətini dəstəkləyən kürdlərlə Türkiyə arasında gərginliyin olmayacağı və İraqın bütövlükdə təhlükəsizliyi məsələləri müzakirə edilib.
Bununla yanaşı, Türkiyə baş nazirinin danışıqlardan sonra Nabucco layihəsi ilə bağlı bəyanatları Azərbaycanda birmənalı qarşılanmayıb. İqtisadçılar Türkiyə baş nazirinin Nabucco ilə bağlı bəyanatına bir daha aydınlıq gətirməsinin vacib sayır. Neft Araşdırmaları mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, Nabucco layihəsi ilə bağlı cənab Ərdoğanın bəyanatı reallığı əks etdirmir.
İqtisadi məsələlər üzrə ekspert Toğrul Cuvarlı da Amerika və Türkiyənin Nabucco layihəsini dəstəkləməsi ilə bağlı bəyanatlarının məsələnin həlli olmadığını fikirləşir. Ona görə ki, qazın satılacağı ölkələr hələ də bəlli deyil.

XS
SM
MD
LG