Accessibility links

“Haray”ın bu həftəki qonağı Azərbaycanın millət vəkili Qüdrət Həsənquliyevdir


Azərbaycanın millət vəkili Qüdrət Həsənquliyev İranın viza rejimini Azərbaycanla birtərəfli qaydada aradan qaldıracağını bəyan etməsinə münasibətini bildirir. Onun sözlərinə görə, bunun həm müsbət, həm də mənfi cəhətləri ola bilər.

Sual: Siz Azərbaycan Milli Məclisinin deputatısınız. Azərbaycan parlamenti ilə İran parlamenti arasındakı münasibətlərdə İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı məsələlər ehtiva olunubmu?

Cavab: Bizdə dostluq qrupları fəaliyyət göstərir. Deyə bilmərəm ki, mütəmadi olaraq qarşılıqlı səfərlər olur. Hesab edirəm ki, bu məsələ bu dostluq qrupunun gündəmində saxlanmalıdır. Hakimiyyət orqanları bəzən bu mövzuya toxunmaqdan çəkinirlər. Onlar elə düşünürlər ki, Ermənistana yardım göstərən İran Yerevana dəstəyini çoxalda bilər. Amma mən hesab edirəm ki, Azərbaycan bundan çəkinməməlidir.

Sual: İran tərəfi viza rejimini Azərbaycanla birtərəfli qaydada aradan qaldıracağını bəyan edib. Viza rejiminin birtərəfli qaydada aradan qaldırılması iki dövlətin xalqları arasındakı münasibətlərə nə verə bilər? Və yaxud da Azərbaycan tərəfi razı olacaqmı ki, viza rejimi ikitərəfli qaydada aradan qaldırılsın?

Cavab: Azərbaycan tərəfi bu məsələdə tərəddüd edir. Bunun səbəbləri bəllidir: narkotik qaçaqmalçılığının genişlənməsi, dini ekstremizmin yayılması. Amma mən hesab edirəm ki, bizim üçün ən strateji məsələ orada yaşayan soydaşlarımız ilə milli, mənəvi, psixoloji əlaqələrin tam yaranması üçün onlar Azərbaycana sərbəst gəlib-getməlidirlər.

Sual: Amma bununla yanaşı, bildiyiniz kimi, Azərbaycanda məhkəmələrdə sübut olunubdur ki, bir sıra səs-küylü terror hadisələrində İran kəşfiyyatının rolu olub və yaxud İranda təlim keçmiş şəxslər bu hücumları həyata keçirib. Yəni viza rejimi mövcud olan bir dövrdə belə hadisələr olursa da, viza rejimi aradan qaldırıldıqdan sonra belə hadisələrin sayı çoxalmazmı?

Cavab: Bunu istisna etmirəm.Yenə də deyirəm, müəyyən çətinliklər ola bilər, amma əminəm ki hüquq-mühafizə orqanları bu işin öhdəsindən gələ biləcəklər.

Sual: Bir qayda olaraq Azərbaycan Respublikasının Milli Məclisi, şəxsən sizin və digər millət vəkillərinin İranla bağlı, İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı qaldırdığınız məsələləri müzakirəyə çıxarmayıbdır. Gələcəkdə Azərbaycan parlamentində İrandakı problemləri qaldıran millət vəkillərinin bir qrupu yaradıla bilərmi? Belə bir cəhd varmı?

Cavab: Çox çətindir. Ona görə ki, burada müxalif fikirli millət vəkilləri çox az saydadır. Onlar arasında da əməkdaşlıq yoxdur. Növbəti parlament seçkilərinə qədər belə bir qrupun yarana biləcəyini düşünmürəm. Vizanın aradan götürülməsi Dağlıq Qarabağ probleminin həllinə də öz müsbət təsirini göstərə bilər.

Sual: Beynəlxalq mətbuatın, yerli mətbuatın yazdığına görə, İranda yaşayan azərbaycanlıların öz hüquqları belə təmin edilmir, onların mədəni hüquqları, dil hüquqları, məktəb hüquqları və digər hüquqları təmin edilmir. Azərbaycan deputatları parlamentdə onların hüquqları ilə bağlı məsələləri vaxtaşırı qaldırırlar. İran azərbaycanlıları isə daha çox iş görülməsini istəyirlər. Onlar öz problemləri barədə ictimai debatlar , dəyirmi masa söhbətlərinin keçirilməsini istəyirlər. Buna münasibətiniz.

Cavab: Əvvəla biz bu məsələni qaldıran da, deyirlər ki, əvvəlcə Azərbaycan daxilindəki bu tip problemləri həll edin. Mən bunları ciddiyə almıram. Bu o demək deyil, bizdə bu problem varsa, biz cənubdakıları yaddan çıxartmalıyıq. Cənub məsələsini mütləq diqqətdə saxlamalıyıq. Bu cür tədbirlərin keçirilənməməsi bir çox hallarda Azərbaycan hökuməti ilə bağlıdır. Azərbaycan hökuməti cənub məsələsini qabartmaqdan çəkinir.

XS
SM
MD
LG