Accessibility links

Bakıda Qafqazda təhlükəsizlik konfransı keçirilib


Bakıda Norveçin Xarici İşlər Nazirliyinin dəstəyi ilə “Qafqazda təhlükəsizlik: köhnə mənzərə yeni mühitdə” mövzusunda beynəlxalq konfrans keçirilib. Forumda Norveç, Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və ABŞ-dan olan ekspertlər iştirak edib.
Çıxışlarda Cənubi Qafqazdakı münaqişələrin təhlükəsizliyə təsirləri, Qara dəniz və Xəzər regionunda yeni enerji siyasəti, Əfqanıstanda və İraqda vəziyyət, Türkiyənin yeni Qafqaz siyasətində rolu məsələləri diqqət mərkəzində olub.
Münaqişələr üzrə ekspert Elxan Mehdiyev Qafqazda siyasi sülhün olmadığını xatırladıb. “Regionda siyasi qarşıdurma gərginləşməkdə davam edir”.
Ekspert hesab edir ki, Amerika, Avropa İttifaqının sülh təşəbbüsləri hələ yalnız müxtəlif ideyalardan ibarətdir. “Bu ideyaların real təkliflər şəklinə gəlməsi baş vermir”.
Hərbi ekspert İldırım Məmmədovun fikrincə, Cənubi Qafqaz ölkələrində yeni silahlanma prosesi gedir. Yeni silahlanma dalğası əsasən Rusiyanın maraqlarına cavab verir, amma qərb dövlətləri də silahlanmada iştirak edir. Ekspert hesab edir ki, mövcud münaqişələr yenidən silahlı qarşıdurmaya keçərsə itkilər və dağıntılar daha genişmiqyaslı olar.
ABŞ-ın Milli Müdafiə Universitetinin doktoru Rocer Kandas bildirib ki, Əfqanıstana NATO yükləri Amerika və Azərbaycan arasındakı razılıq əsasında daşınır. “Hazırda yüklərin daşınması ilə bağlı Gürcüstan, Qazaxıstan və digər ölkələrlə də danışıqlar aparılır. Hesab edirəm ki, regiondakı münaqişələr Əfqanıstana NATO yüklərinin daşınmasına mane ola bilməz və yüklərin daşınması region üçün yeni təhlükələr yaratmayacaq”.
Mərmərə Universitetinin doktoru Gülden Ayman Türkiyənin Yaxın Şərq, Qara dəniz, CənubiQafqaz və Xəzər regionunda təhlükəsizliyin təminatında rolunun artmaqda olduğunu deyib. Onun fikrincə, regionun sabit iqtisadi inkişafa keçməsi üçün münaqişələr həllini tapmalıdır. “Münaqişələrin həlli Amerika, Avropa İttifaqı, Rusiya və Türkiyənin münasibətlərinin gələcək inkişafından keçir”.
Alim hesab edir ki, enerji resursları, kəmər marşrutları və Əfqanıstana yüklərin daşınması ilə bağlı siyasət regiona yeni risklər gətirir. “Bu risklər əsasən Rusiya və İrandan gələ bilər. Ancaq İran və Rusiya ilə Türkiyə arasında ərazi mübahisəsinin olmaması yeni müharibə risklərini azaldır. Eyni zamanda, Amerika qoşunlarını İraqdan çıxardıqdan sonra regionda sabitlik olması üçün kürtlər və ermənilər Türkiyənin ərazi bütövlüyünü tanımalıdır. Bu olmazsa gərginlik davam RRedəcək”.
Ekspertlər həmçinin Qafqazda iqtisadiyyatın sabit olmadığını bildirib. “İqtisadi sabitlik siyasi sabitliyin davamıdır. Burada siyasi baxışlar çoxvektorlu və ziddiyyətlidir”.

XS
SM
MD
LG