Accessibility links

İranda Azərbaycan milli hökumətinin qurulmasının 64-cü ildönümüdür


İranda Azərbaycan milli hökumətinin qurulmasından 64 il keçir. 1945-ci il dekabrın 12, yəni 21 Azər günü yaranması elan edilən Azərbaycan Milli Hökuməti bir illik fəaliyyəti müddətində əhalinin həyatına mühüm təsirləri olan işlər gördü. Onların siyahısına ana dilində təhsil, savatsızlıqla mübarizə, Təbriz Universitetinin yaranması, torpaq islahatları, fəhlələrin hüquqlarının qorunması və qadınların kişilərlə eyni haqlara malik olması istiqamətində işlər daxildir.

Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi milli hökumət 1946-cı ilin dekabrında sükuta uğrayıb. Belə ki, İran ordusu milli hökumətin paytaxtı Təbriz şəhərini ələ keçirib və hökumətin çoxsaylı üzvləri güllələnib. On minlərlə insan mühacirətə gedib.

İranda siyasi fəaliyyətləri qadağan edilən azərbaycanlılar və başqa millətlərin siyasi fəallarının həbs olunduğu Rza şahın iyirmi illik hakimiyyətindən sonra siyasi fəaliyyətlər üçün şərait yarandı. Beləliklə o zaman başqa siyasi məhbuslarla bir yerdə Azərbaycan ziyalısı, ictimai-siyasi lider Seyid Cəfər Pişəvəri də azadlığa buraxıldı.

Seyid Cəfər Pişəvəri həbsdən azad edilən kommunistlərlə bir yerdə Tudə partiyasının təsisi ilə bağlı birinci iclasda iştirak etsə də sonralar partiyanın təşkili ilə bağlı fəaliyyətlərə qatılmadı.

Rza şah hakimiyyətinə son qoyulduqdan sonra uzun illər mədəni, ictimai, öz dillərində təhsil hüququndan məhrum edilən azərbaycanlılara rəhbərlik edənlərdən biri də Pişəvəri oldu.

Pişəvərinin rəhbərliyi altında 1945-ci ilin senyabr ayının üçündə Azərbaycan Demokrat Firqəsi yarandı. Pişəvəri və İran Azərbaycanının digər liderləri əhalinin müxtəlif təbəqələrini İranda Azərbaycan milli hərəkatı ətrafında birləşdirə bildi. Azərbaycan Demokrat Firqəsinin proqramı 12 Şəhrivar bəyannaməsi ilə elan olundu. Firqənin həmin ilin oktyabr ayı proqramında Pişəvəri Mərkəzi Komitənin Sədri seçildi və onun rəhbərliyi ilə 21 Azər hərəkatının planları üçün hazırlıqlara başlandı.

1945-ci il dekabr ayının 12-də, yəni Azər ayının 21-də Azərbaycan Milli Məclisinin qərarı ilə Seyid Cəfər Pişəvəri Azərbaycan Milli Hökumətinin baş naziri təyin edildi.

Təbrizdə azərbaycanlılar milli hökumət yaratsalar da bu hökumət İran Azərbaycanının müstəqilliyini elan etmədi. Pişəvəri hökuməti İran daxilində azərbaycanlıların muxtariyyət hüquqlarını bərpa edərək, ana dilində təhsil və digər mədəni fəaliyyətlərə imkan yaratdı. Ana dili məsələsi savadsızlıqla mübarizə Pişəvəri hökumətinin ən çox əhəmmiyyət verdiyi məsələlər arasında idi.

Bir illik hakimiyyəti dövründə Azərbaycan Milli Hökuməti qadın hüquqları sahəsində işlər gördü, fəhlələrin hüquqlarının müdafiəsi üçün qanun qəbul etdi, kəndlilərin torpaqla təmin olunması üçün islahatlara başladı.

Pişəvərinin Tudə partiyasına qoşulmamasına görə Sovetlərin onun rəhbərlik hərəkata əvvəllər də şübhə ilə yanaşmasına baxmayaraq, Sovet Azərbaycanın Pişəvəri hökumətinə kömək etdiyini o dövrün tarixçiləri qəbul edirlər.

Bəziləri milli hökumətin qondarma bir hökumət olduğunu irəli sürsə də, Cəmil Həsənli kimi həmin dövrü geniş şəkildə araşdırmış tarixçilər Sovetlərdən yardım alsa da Pişəvərinin müstəqil bir lider olduğunu, 21 Azər hərəkatının milli hərəkatın bütün atributlarını özündə əks etdirdiyini deyir.

XS
SM
MD
LG