Accessibility links

Azərbaycan parlamenti Amerika Konqresinə müraciət edib


ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin 2010-cu maliyyə ilində Dağlıq Qarabağa 8 milyon dollar məbləğində birbaşa yardım ayırmaq barədə qərar qəbul etməsi ilə əlaqədar Azərbaycan Milli Məclisi Amerika Konqresinə müraciət qəbul edib. Müraciəti parlamentin plenar iclasında iştirak edən 108 deputatın hamısı dəstəkləyib.
Sənəddə Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən danışılır və Azərbaycan torpaqlarını işğalı nəticəsində 1 milyondan çox azərbaycanlının doğma yurdundan didərgin salındığı qeyd edilir. “BMT-nin Təhlükəsizlik Şurasının və digər təşkilatların işğal edilmiş ərazilərin azad edilməsi tələbi barədə qətnamələrinə məhəl qoyulmayıb, münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk qrupuna olan ümidlər özünü doğrultmayıb”.
“Dağlıq Qarabağ probleminin həllinə mane olan ən böyük amil dünyanın nüfuzlu dövlətlərinin münaqişəyə ikili standartlarla yanaşması, təcavüzkarın öz adı ilə çağırılmaması və cəzasız qalması, işğalçı ilə işğalın qurbanının bərabər tutulmasıdır”, - deyə müraciətdə qeyd edilib.
Milli Məclis bildirir ki, ABŞ Konqresinin separatçı rejimə maliyyə yardımı ayırmaq qərarını həyəcan və təşviş hissi ilə qarşılayır. “Mahiyyətcə o qədər də böyük olmayan bu maliyyə vəsaitinin ayrılmasını humanitar yardım kimi deyil, separatçılığa, torpaqların işğalına verilən mənəvi dəstək kimi qiymətləndiririk. Əgər bunun sırf humanitar yardım olmasında təkid edilirsə, bu halda qarşıya belə bir məsələ çıxır. Madam ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır, onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa ayrılan maliyyə vəsaiti də Azərbaycana ayrılan yardımın tərkibinə daxil edilməli idi. Belə halda həmin vəsaitin sonrakı təyinatı göstərilə bilərdi. Bu cür yanaşma sülh danışıqları prosesinə də müsbət təsir göstərərdi”, - deyə müraciətdə bildirilir.
Azərbaycan parlamenti Obama administrasiyasının 2010-cu il büdcə layihəsində Dağlıq Qarabağa yardım ayrılması ilə bağlı müddəanın olmadığını, ABŞ Senatının qəbul etdiyi layihədə də belə bir vəsaitin nəzərdə tutulmadığını qeyd edir. “Dağlıq Qarabağa yardımla bağlı müddəalar ABŞ Nümayəndələr Palatasında fəaliyyət göstərən erməni lobbisinin səyləri nəticəsində qanun layihəsinin son variantına daxil edilib”.
Milli Məclis ümid edir ki, ABŞ prezidenti Barak Obama veto hüququndan istifadə edərək, Dağlıq Qarabağa birbaşa yardım göstərilməsinə dair müddəanın qüvvəsini dayandıracaq. “Azərbaycan və Amerika strateji tərəfdaşlardır. Bu tərəfdaşlığın hər iki tərəfə fayda gətirdiyini ötən illər göstərib. Əməkdaşlıq etdiyimiz sahələr beynəlxalq terrorizmə qarşı birgə mübarizədən başlamış Avropanın və dünyanın energetika təhlükəsizliyinə qədər bir çox sahələri əhatə edir”, - deyə müraciətdə xatırladılır.
Milli Məclisdə təmsil olunan iqtidar və müxalifəti təmsil edən 12 siyasi partiya isə ABŞ-ın Azərbaycandakı səfirliyinə birgə müraciət qəbul edib. Müraciətdə ABŞ Konqresinin Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistana 41 milyon dollar və işğal olunmuş torpaqlardakı qondarma Dağlıq Qarabağ rejiminə 8 milyon dollar məbləğində yardım ayırmaq qərarından narazılıq ifadə olunur.
Milli Məclisin sədri Oqtay Əsədov eyni zamanda, Amerika Konqresinin Azərbaycana da 22 milyon dollar yardım ayırdığını və bunun hərbi məqsədlər üçün istifadə edilməməsi ilə bağlı tələb irəli sürdüyünü bildirib.
Öz növbəsində, Amerikanın Azərbaycandakı səfirliyinin sözçüsü Terri Devidson deyib ki, Amerika Birləşmiş Ştatlar “Dağlıq Qarabağ Respublikası” adlanan hökuməti tanımır. “Bu, bizim siyasətimizdir və bu siyasət dəyişməz qalır”.
Onun dediyinə görə, Amerika bu yardımı hökumət üçün deyil, insanlar üçün ayırır. “Bu, xalis humanitar yardımdır, minalardan təmizləmə kimi layihələr üçün nəzərdə tutulur. Bu layihələr QHT-lər tərəfindən həyata keçirilir”.
Cənab Devidson əlavə edib ki, Birləşmiş Ştatlar eyni zamanda, Azərbaycanda məcburi köçkün əhali üçün də yardım ayırır. “Bir daha vurğulamaq istəyirik ki, biz, son illər iri miqyaslı minalardan təmizləmə layihələrinə dəstək vermişik, məcburi köçkün əhali üçün yeni məktəblər tikmişik və bir sıra çeşidli layihələr vasitəsilə onların həyat şəraitinin yaxşılaşdırılmasına çalışmışıq”, deyə o qeyd edib.

XS
SM
MD
LG