Accessibility links

Dəyirmi Masa: Azərbaycanda bələdiyyə seçkiləri


Dünən Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. Müxalifət və vətəndaş cəmiyyəti nümayəndələrinin təndiqlərinə məruz qalan səsvermə çox sayda insanların etinasızlığı və seçki kampaniyalarının süstlüyü ilə müşayiət olundu. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin bələdiyyə seçkilərini müşahidə edən Monitorinq Missiyası öz açıqlamasında Azərbaycanda demokratiyanın vəziyyətinin qənaətbəxş olmadığını və yerli özünüidarə orqanlarının zəifliyini vurğuladı. Bu mövzuda diskussiya aparmaq üçün həftənin dəyirmi masa söhbətinə Azərbaycanda Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru Eldar İsmayılov və Seçki Monitorinq Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlını dəvət etdik.

Bələdiyyə seçkilərində vətəndaş fəallığınn aşağı olduğunu bildirən Eldar İsmayılov bunu üç başlıca faktorla izah etdi. Birinci olaraq o, Azərbaycanda bələdiyyə orqanlarının qeyri-effektiv fəaliyyət göstərdiyini və əhalinin ümumilikdə bu orqanlara çox etimad bəsləmədiyini önə çəkdi. İkinci səbəb kimi Eldar İsmayılov Mərkəzi Seçki Komissiyasının fəaliyyətində olan qüsurları göstərib. Belə ki, komissiyalar səsverməyə əhalinin cəlb edilməsi, aktivliyin artırılması yönümündə kifayət qədər iş görməyiblər. Bundan əlavə seçki komissiyalarının tərkibi hakim Yeni Azərbaycan Partiyasına böyük bir üstünlük bəxş edib ki, bu da rəqabət göstərməyə çalışan siyasi qüvvələrinin qələbə şanslarını azaldır. Üçüncü səbəbi isə o, müxalifət partiyalarının düzgün strategiya seçməməsində görür. Belə ki, əvvəlki səsverməni baykot etmiş müxalifət partiyaları qabaqcadan bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşmamışdılar və seçkidə iştirak barədə mühüm qərarlar son anda qəbul edildi. Seçki Monitorinq Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı həmkarının fikirləri ilə razılaşdığını qeyd etdi. Eyni zamanda o, əlavə etdi ki, son illərdə Azərbaycanda demokratik ab-hava xeyli pisləşib. Vətəndaşların fundamental konstitutsiya hüquqlarına hörmət olunmur. Cənab Süleymanlı Azərbaycanda söz, toplaşma və mətbuat azadlığı sahəsində ciddi problemlər olduğunu qeyd etdi. O, səsvermə prosesinin özündə də qanun pozuntularının baş verdiyini qeyd etdi.

Avropa Şurası müşahidəçilərinin rəyi ilə bağlı sualları cavablandıran veriliş qonaqları indiyədək bu məsələdə adekvat prinsipiallıq nümayiş etdirilmədiyini söylədi. Eldar İsmayılovun sözlərinə görə hər seçkilərdə Qərbli müşahidəçilər Azərbaycanda seçkilərin beynəlxalq standardlara cavab vermədiyini, eyni zamanda bəzi irəliləyişlərin olduğunu bildirirlər. Azərbaycandakı seçki situasiyasına real qiymətin verilməməsi isə problemlərin yerində qalmasına və bəzi hallarda artmasına rəvac verir. Bəşir Süleymanlı Azərbaycanda normal seçkilərin keçirilməsi üçün iqtidarda siyasi iraədnin olmasınının vacibliyini önə çəkdi. Onun sözlərinə görə bir dəfə ölkədə demokratik seçkilər keçirmək kifayət edərdi ki, xalqın seçki prosesinə inamı bərpa edilsin.

XS
SM
MD
LG