Accessibility links

Avropa Şurası: Seçkilərdə siyasi plüralizm olmayıb


Dekabrın 23-də bələdiyyə seçkiləri Azərbaycanda demokratiyanın vəziyyətinin qənaətbəxş olmadığını və yerli özünüidarə orqanlarının zəifliyini nümayiş etdirdi. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 23 dekabr bələdiyyə seçkilərini müşahidə edən Monitorinq Missiyasının gəldiyi nəticə belə idi.
11 nəfərdən ibarət missiya 100-ə yaxın seçki məntəqəsində monitorinq aparıb. Bundan başqa, nümayəndə heyəti dekabrın 7-8-də seçkiqabağı vəziyyətin monitorinqini aparıb.
Səsvermə gününü səciyyələndirən nümayəndə heyətinin rəhbəri Qayə Doğanoğlu (Türkiyə) qeyd edib ki, “seçkilər sakit keçib və yaxşı təşkil edilmişdi”. “Buna baxmayaraq, konkret təkmilləşdirmələrə ehtiyac var”, deyə o qeyd edib.
Missiyanın məruzəçisi Fransis Lek (Fransa) demokratik mühit üçün müstəqil mətbuat və ifadə azadlığı olması zərurətini qeyd edib. O xatırladıb ki, Azərbaycan qanunvericiliyi bələdiyyələrin yarısından çoxunda namizədləri olan siyasi partiyalar üçün ödənişsiz əsaslarla efir vaxtı ayrılmasına yol verir. “Buna görə, telekanallar faktiki olaraq, Azərbaycanda birpartiyalı sistemi əks etdiriblər və bu, seçkilərdə böyük rol oynayıb”, deyə Lek bildirib.
“Bəzi məntəqələrdə baş verən hadisələr səsvermənin düzgünlüyünə şübhə doğurur. Azərbaycan hökuməti prosedurları təkmilləşdirməlidir” deyə Fransis Lek qeyd edib.
“Bələdiyyə seçkilkəri sanki gözəgörünməz idi. Küçələrdə, televiziyalarda, gündəlik mediada, cammat arasında seçki ilə bağlı heç nə eşitmədik. Yaxşı seçki kampaniyası demokratiyanın əlamətidir”. Missiyanın digər məruzəçisi - Jan Klod Frekon belə deyib.
Müşahidə missiyasının qənaətinə görə, siyasi müxalifət parçalanmış və mediaya çıxışı olmayan vəziyyətə salınıb. “Bizə elə gəlir ki, güclü və həqiqi siyasi müxalifətin olmaması seçkini gözəgörünməz şəklə saqlıb. Həqiqi demokratiyalarda güclü iqtidarla yanaşı, güclü və həqiqi müxalifətin oması da vacibdir”, - deyə Jan Frekon qeyd edib.
O, Azərbaycanın Avropa Yerli Özümnüidarə Xartiyasına əməl etmədiyini deyib. “Azərbaycanda bələdiyylərin səlahiyyəti və maliyyə resursları çox azdır. Hakimiyyətə müraciət edirik ki, mərhələ-mərhələ bələdiyyələrin səlahiyyətini artırsın”.
Jan Frekon səsvermə prosesindən danışarkən məntəqələrdə avadanlıq və təchizat baxımından xeyli irəliləyişin müşahidə edildiyini bildirib. “Səsvermə prosesi daha yaxşı təşkil edilmişdi. Əvvəlki seçkilərə nisbətdə, bir ailə üzvü digərlərinin əvəzinə səs vermirdi, kabinələrdə eyni vaxtda iki nəfərə az rast gəlinirdi”.
O, eyni zamanda, bir çox müşahidəçilərin “Yeni Azərbaycan” Partiyasını təmsil etdiyini qeyd edib. “Digərləri isə müstəqil müşahidəçi olduğunu və ya şəxsi təşəbbüsü ilə gəldiyini deyirdi. Öz təşəbbüsü ilə gələn müşahidəçini hansı tərəfin göndərdiyini müəyyən edə bilmirdik”, deyə o bildirib.
Müşahidə missiyası namizədlərin sayı çox olan məntəqələrdə seçki bülletenlərini oxumağın çətin olduğunu bildirib. “Gələcək seçkilərdə seçki bülletenləri təkmilləşdirilməlidir”, deyə o vurğulayıb.
Onun sözlərinə görə, səslərin sayılması kifayət qədər yaxşı aparılmırdı. “Seçicilərin fəallığı 32 faiz olub və bu, yerli seçkilər üçün çox az faizdir. Yaxşı demokratiyalarda kimin səs verib-verməməsini bilmək vacibdir”.
Müşahidə missiyasının üzvü Anyu Kurmanşap hesab edir ki, seçici fəallığının 32 faiz olması yaxşı göstərici deyil. “Yerli seçkilər insanların yaşadığı yer üzrə məsuliyyətinin göstəricisidir. Hesab edirəm ki, bələdiyyələrin səlahiyyəti və maliyyə resursları artırılmalıdır”.
Müşahidə missiyasının yekun hesabatı 15 gün sonra açıqlanacaq. Missiya Konqresin Şurası qarşısında hesabatla çıxış edəcək.

XS
SM
MD
LG