Accessibility links

İran rəsmisi deyib ki, Türk dilində proqram açılması universitetlərin hazırlığından asılıdır


İranın Kültür İnqilabının Ali Şurasının rəisi deyib ki, universitetlərdə Türk dilində proqramların açılması universitetlərin hazırlığından asılıdır.
İran İslam Cumhuriyyətinin rəsmi xəbər agentiliyi İRNA-nın Təbrizdən verdiyi xəbərə görə, İranın Kültür İnqilabının Ali Şurasının rəisi Məhəmmədriza Muxbiri Dezfuli bildirdi ki,Türk dili və ədəbiyyatı proqramı açılması, İranın azərbaycanlılar yaşayan yerlərindəki universitetlərin hazırlığından asılıdır.

Cənab Dezfuli İRNA-ya Təbrizdə verdiyi müsahibədə dedi ki, “Kültür İnqilabının Ali Şurası müxtəlif etnik ya nəjadların öz dillərində proqramların olmasına dair öz razılığını elan edib və bununla bağlı çətinlik və ya problem yoxdur. Məmləkətdə olan universitetlərin hər hansı biri öz hazırlığını elan etsə, eliyə bilər ki belə proqramları həyata keçirsin.”

O qeyd etdi ki, hələlik, bəzi universitetlər müxtəlif etniklərin dillərində dərsə başlaya bilərlər. İran rəsmisi əlavə etdi ki, qanun əsasında, Türk dili və ədəbiyyatının tədris olunmasına maniə yoxdur. Amma bu işin necə aparılması barədə qaydaları müəyyən etmək öz nazirliyinin öhdəsinədir.

Məhəmmədriza Muxbiri Dezfuli, İRNA-ya müsahibəsində bildirdi ki, mahalların vəziyyətini nəzərdən keçirmək, belə proqramlardan nə qədər istifadə edilməsi, müəllim və tələbəni təmin etmək, önəmli mövzulardandır.

Kültür İnqilabının Ali Şurasının rəisi dedi ki, “Bizim işimiz qanun və nizamnamələri müəyyən etməkdir. Amma onları həyata keçirmək başqa idarələrin öhdəsinədir.”

Qeyd olunur ki, qacarların yerinə gələn Pəhləvi sülaləsi və İslam Cumhuriyəti dövründə, İranda Fars dilindən başqa (ermənicə istisna olmaqla) heç bir dil məktəblərdə və universitetlərdə tədris olunmurdu. İranda ermənilərin öz dillərində məktəb açmalarına imkan tanınır. İranın İslam İnqilabından (1978) sonra, əsas qanunda ölkənin başqa etnik qruplarına da bu haqq verildi ki, öz yaşadıqları bölgələrdə fars dilində tədrisə əlavə olaraq öz dillərində də dərs oxusunlar. Amma əsas qanunun bu məsələ ilə əlaqədar maddələri indiyə qədər icra olunmadı.

İran azərbaycanlıları minlərlə ərizə ilə imzalar toplayıb, öz dillərində tədris olmasını istəyiblər, amma onlara müsbət cavab verilməyib. Bu tələblərlə çıxış edən bəzi azərbaycanlı fəallar
həbs edilib. Müxtəlif iclas və nümayişlərdə azərbaycanlıların bu tələbi "Türk dilində mədrəsə" şüarı ilə ifadə olunur.

Bu istəklərin nəticəsində elə İranın 10-cu prezident seçkilərindən əvvəl seçki kampaniyalarının mövzularından biri də İran xalqlarının müxtəlif istəkləri idi və bu istəklər arasında anadilində təhsil məsələsi mühüm yer tuturdu. O zaman hər dörd namizəd, xalqların hüquqları barədə vədlər vermişdilər. Seçki kampaniyası zamanı prezident Mahmud Əhmədinəjad əmr vermişdi ki, hər mahalın universitetlərində proqramlara yerli dillərdə dərs əlavə edilsin. Ancaq onun həmin əmri indiyə qədər həyata keçirilməyib.

XS
SM
MD
LG