Accessibility links

Fransa prezidenti İranda müxalifətə qarşı zorakılıqları məhkum edib


İranda müxalifətə qarşı təzyiq və təqiblərin davam etdiyi bir zamanda Fransa Prezidenti Nikola Sarkozi bu ölkədə hökumət əleyhinə nümayiş keçirənlərə qanlı divan tutulduğunu bildirərək İran hökumətinin bu siyasətini məhkum edib. Cənab Sarkozinin idarəsi bazar günündən bəri azı səqqiz adamın ölümü ilə nəticələnən zorakılıqlara son qoyulmasına çağırıb. Fransa prezidentinin ofisi Tehranı həbs olunan bütün müxaliflərin azadlığa buraxılmasına və insan hüquqlarına hörmət edilməsinə səsləyib.

Bu arada İranın ali dini rəhbərinə yaxınlığı ilə tanınan Ayətullah Abbas Vaiz Təbasi müxalifət liderlərini “Allahın düşmənləri” adlandırıb və İslam qanunlarına görə onların edam edilə biləcəklərini deyib.

İran müxalifətinə yaxın mənbələr bazar günündən bəri tanınmış müxalifət liderlərindən azı iyirmi adamın nəzarət altına alındığını bildiriblər. Müxalifətin internet saytları çərşənbəaxşamı günü Tehranda bir universitetdə tələbələrlə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verdiyi haqqında məlumat yayıblar.

XS
SM
MD
LG