Accessibility links

Azərbaycan məmurlarının xarici səfərlərinə sanksiyalar tətbiqi tələb edilir


Azərbaycan Söz Azadlığını Müdafiə Komitəsi “Gündəlik Azərbaycan” qəzetinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi ilə bağlı toplantı keçirib. Toplantıda vətəndaş cəmiyyətləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri beynəlxalq qurumlara söz və ifadə azadlığının daim pozduğuna görə Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etmək çağırışı ilə bağlı müraciət qəbul edib.
Sənəddə qərb dövlətlərinin mövqeyi tənqid edilir və 2010-cu ilin Azərbaycan demokratik qüvvələri ilə beynəlxalq həmrəylik ili elan edilməsi təklifi irəli sürülür. ”Avropa İnsan Haqları Məhkəməsinin yaxınlarda verəcəyi qərarı məhbəsdə səbirsizliklə gözləyən Azərbaycan siyasi məhbuslarından biri - 2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun yaxın həmkarı və onun qətlini araşdıran jurnalist Eynulla Fətullayev dekabrın 29-da yeni, görünməmiş təxribatla üzləşib, həbsxanada onun üstündən guya 0,223 qram heroin tapılıb. Hadisə, hətta Avropa Məhkəməsi Eynulla Fətullayevin məlum işi ilə bağlı müsbət qarar versə belə, ona yeni üç illik həbs, eləcə də həyatı üçün təhlükəsi yaradır”.
Müraciətdə Azərbaycanda jurnalistlərə qarşı saxta ittiham və hökmlərlə əlaqədar sayı-hesabı olmayan bəyanatlar, müraciətlər xatırladılır və Azərbaycanda vicdan məhbusları azad olunanadək demokratik dövlətlərin siyasi rəhbərliyindən aşağıdakı təcili addımları atmaları tələb edilir. “Azərbaycan hakimiyyətinin repressiyalarda əli olan bütün yüksək vəzifəli məmurlarına demokratik ölkələrə şəxsi məqsədlərlə səfər etməsini çətinləşdirən və ya mümkünsüz edən addımlar atılsın, Avropa Şurası demokratiya məsələləri ilə əlaqədar özünün qətnamələrinin yerinə yetirilməsi üçün təcili yeni təsirli mexanizmlər ortaya qoysun və 2010-cu il Azərbaycan demokratik qüvvələri ilə beynəlxalq həmrəylik ili elan edilsin”,- deyə sənəddə qeyd edilir.
Respublikaçı Alternativ birliyinin həmsədri İlqar Məmmədov hesab edir ki, Azərbaycanda söz azadlığına hücumlar qərb ölkələri ilə böyük iqtisadi layihələrin fonunda baş verir. “Artıq ictimai fikir də qərbin əleyhinə yönəlməkdədir”.
Politoloq Zərdüşt Əlizadənin fikrincə, hakimiyyətin məqsədi bütövlükdə söz azadlığını sındırmaqdır. “İndiki iqtidar nəzarətsiz sistem qurmaq istəyir”.
Eynulla Fətullayevin atası Emin Fətullayev hesab edir ki, oğlunun adı Ginnesin rekordlar kitabına daxil edilməlidir. “Çünki jurnalist həbsxanada olduğu vaxt 3 dəfə yenidən həbs edilib”.
Hüquqşünas Erkin Qədirli Azərbaycanda söz azadlığı ilə yanaşı ifadə azadlığının pozulduğunu da diqqətə çatdırıb. “Hökumət nəinki medianı susdurmağa çalışır, eyni zamanda Naxçıvanda şikayət edən insanı dəlixanaya salırlar, estetik ifadə azadlıqları məhdudlaşdırılır”.
Hüquq-müdafiəçisi İlqar İbrahimoğlu təklif edib ki, həbsdə olan jurnalistlər Eynulla Fətullayev, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, blogerlər Adnan Hacızadə və Emin Milli ilə bağlı kitablar nəşr edilsin. “Həmin kitablarda jurnalistlərin yaradıcılıq yolu ilə yanaşı, beynəlxalq və yerli təşkilatların müraciətləri, istintaq materialları və məhkəmə prosesləri əksini tapmalıdır”.
Jurnalist Üzeyir Cəfərov hesab edir ki, tanınmış tənqidçi jurnalistlər susdurulduqdan sonra az-çox müstəqilliyini saxlamış media susdurulacaq. “Çünki hökumət cəmiyyət qarşısındakı öhdəliklərinə məhəl qoymur”.


XS
SM
MD
LG