Accessibility links

Dəyirmi masa: 2009-cu ilin Azərbaycanda əsas insan haqları ilə bağlı yekunları


“2009-cu il insan haqları sahəsində bir çox xoşagəlməz faktlarla yadda qaldı”. Bu sözləri “Azərbaycanda 2009-cu ildə əsas insan azadlıqlarının vəziyyəti və nəzərə çarpan hadisələr” mövzulu Amerikanın səsinin dəyirmi masa söhbəti zaman İnsan Hüquqları və Qanunçuluğu Müdafiyə Bürosunun direktoru Səidə Qocamanlı deyib. Eynulla Fətullayevin hələ də həbsdə qalmasını, iki gənc blogger – Adnan Hacızadə və Emin Millinin həbsini xatırladan xanım Qocamanlı bələdiyyə seçkilərinin də üzdəniraq şəkildə keçirildiyini bildirib. O, müsbət yeganə hadisənin ilin sonunda journalist Müşfiq Hüseynovun azadlığa buraxılasması olduğunu dilə gətirib. Hüquq müdafiəçisinin sözlərinə görə, ümumilikdə 2009-cu ildə təəssüfedici hallar, söz azadlığına olan təpkilər, toplaşma hüququ ilə bağlı üzücü hadisələr çox olub.

Söhbətin digər qonağı Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı daha çox ifadə azadlığı ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, Azərbaycan 2009-cu ilə ifadə azadlığına ciddi zərbə ilə başladı, belə ki, Amerikanın səsi, Azadlıq və BBC radiolarının FM tezlikləri əllərindən aldı. Digər başlıca məsələnin jurnalistlərə hələ də sözə görə həbs cəzasının verilməsi olduğunu bildirən cənab Hacılı Sərdar Əlibəyli və Fərəməz Allahverdiyevin həbsini misal göstərib. Hüquq müdafiəçisi bu yaxınlarda Eynulla Fətullayevin üzərindən narkotik maddə tapılması iddiasına da öz mövqeyini bildirib. O deyib ki, cox ciddi rejim altında saxlanılan şəxsin üzərindən ciddi bir narkotik maddənin tapılması çox-çox şübhəli görünür. Rəşid Hacılının sözlərinə görə, həm Eynulla Fətullayev, həm Qənimət Zahid, həm də bloggerlər Emin Milli və Adnan Hacızadənin məsələri beynəlxalq ictimaitin güclü diqqət mərkəzindədir. O, həmin məhbusları vicdan məhbusları adlandırıb.

Dəyirmi masa söhbəti zamanı Bənənyar hadisələri barədə məlumat vermək üçün Hüseyn adlı kənd sakini də efirə canlı qoşulub. O, deyib ki, kütləvi şəkildə kəndə daxil olan üzü maskalı şəxslər kənd camaatını döyərək söyərək kişiləri götürüb aparıblar. “Hadisələr bu günə qədər baş verir” – deyə o bildirib. Soyadını verməkdən ailəsindən qisas alınması hədəsinə görə imtina edən Hüseyn bəy onlarla kəndlisi ilə bir yerdə ayın yeddisində Bakıda keçirilən mətbuat konfransının da iştirakçılarındandır. Onlar tədbirdə Aşura günü və ayın beşində başlarına gələn hadisələr barədə məlumat veriblər. Onun dediyinə görə Aşura günü ailəsinə təhlükəsizlik tədbirlərinin təhkirlərinə etiraz olaraq özünü yandıran azərbaycanlı İranda bir xəstəxanada müalicə olunur. Bununla birinci dəfə olaraq həmin Azərbaycan vətəndaşının taleyi haqqında məlumat verilib. Hüseyn bəy Azərbaycan rəsmilərindən məsələyə baxılmasını, kənd sakinlərinin evlərinə qayıtmasına şərait yaradılmasını və saxlananların azadlığa buraxılmasını xahiş etdiklərini deyib.

XS
SM
MD
LG