Accessibility links

Blogerlər vicdan məhbusu kimi tanınıb


Bakı Apellyasiya Məhkəməsi hakimi Qail Məmmədovun sədrliyi ilə blogerlər Adnan Hacızadə və Emin Millinin şikayətinə baxılması prosesini yanvarın 22-nədək təxirə salıb. Məhkəmə qərarını zərərçəkmişlərin iştirakı zərurəti ilə əsaslandırıb.
Emin Milli bildirib ki, əslində məhkəmənin zərərçəkmiş kimi tanıdığı şəxslərə heç bir zərər dəyməyib. “Onlar məhkəməyə gəlməlidir ki, insanlar bu şəxsləri bir daha görsün”, - deyə o iclasa sədrlik edənə müraciət edib.
Məhkəmə zalında səfirliklərin, beynəlxalq və yerli hüquq-müdafiə təşkilatlarının nümayəndələri, çoxsaylı jurnalistlər olub.
Adnan Hacızadə (“OL!” gənclər hərəkatının lideri) və Emin Millinin (İnternet-TV-nin təsisçisi) apellyasiya şikayətində təqsirsiz olduqları və həbsdən azad edilmələri qeyd edilir.
Blogerlər 2009-cu il noyabrın 12-də xuliqanlıq ittihamı ilə 2 və 2,5 il müddətinə azadlıqdan məhrum edilib. Onlar iyulun 8-də Bakıdakı kafelərin birində dava salmaqda ittiham olunub. Blogerlər ittihamı təxribat adlandırıb. Hüquq-müdafiəçiləri hesab edir ki, blogerlərin həbsinə internetdə yerləşdirdikləri satirik videorolik səbəb olub.
Hər iki bloger vicdan məhbusu kimi tanınıb.
Dünən, Amnesty International beynəlxalq insan haqları təşkilatı yenidən blogerlər Adnan Hacızadə və Emin Millinin Apellyasiya məhkəməsi zamanı azad edilməsi tələbi ilə Azərbaycan hökumətinə müraciət ünvanlayıb.
Amnesty İnternational hesab edir ki, blogerlərin məhkəməsi qapalı və ədalətsiz keçirilib.
Təşkilatın şöbə müdiri Keyt Allen bildirib ki, məhkəmənin gedişində ən mühüm dəlillər nəzərə alınmayıb və obyektiv hökm çıxarılmayıb. “Odur ki, Emin Abdullayev və Adnan Hacızadə vicdan məhbusu sayılır və dərhal azad edilməlidirlər”, - deyə o qeyd edib.

XS
SM
MD
LG