Accessibility links

Naxçıvanın Bənəniyar kəndində baş verənlər 


Naxçıvanın Culfa rayon Bənəniyar kəndində olan daxili qoşun hissələri kənddən çıxarılıb. Hazırda kəndə yalnız polis nəzarəti var. Saxlanan kən sakinlərindən daha 10 nəfəri evlərinə buraxıb. Bu barədə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun məlumatında deyilir.
İnstitutun Naxçıvan üzrə bölgə müxbiri bildirib ki, dünən günorta saatlarından Bənəniyar kəndində sakitlikdir. “Kənddə olan daxili qoşun hissələri çıxarılıb. Ancaq, yerli əhali qorxu altında qalmaqdadır. İnsanlar küçəyə çıxmaqdan qorxur”.
Məlumatda deyilir ki, kənd sakinləri məhərrəm ayında, Aşura mərasimi İmam Hüseyn və tərəfdarlarının Kərbəlada şəhid olması münasibətilə dini ayinlər icra edib. Bu zaman hüquq-mühafizə orqanları çoxsaylı sakini saxlayaraq Culfa rayon Əlincə polis şöbəsinə aparıb. Aparılanlara orada fiziki təzyiq göstərilib. Təzyiqlərə etiraz olaraq sakinlərdən biri, Yunis Əliyev özünü yandırıb. Kəndə həmçinin daxili qoşunlar yeridilib.
“Demokratiya və Qeyri Hökumət Təşkilatlarının İnkişaf Resurs Mərkəzinin bəyanatında isə bildirilir ki, dinc sakinlərə divan tutulması və məlum intihar hadisəsindən sonra 1000 nəfərədək kənd camaatı mütəşəkkil qaydada toplanaraq insidentə son qoyulmasını Muxtar Respublika rəhbərliyindən tələb etməyə cəhd edib. “Onların tələblərinə nəinki baxılıb, əksinə yeni-yeni həbslər həyata keçirilərək insanlara müxtəlif formada işgəncələr verilib. Kəndə giriş və çıxış nəzarətə alınıb”.
Təşkilat eyni zamanda, Naxçıvanda bu cür zorakılıq hallarının ilk dəfə olmadığını xatırladır. “2008-ci ilin əvvəllərində bir “yolka” işığının sıradan çıxarılması bəhanəsi ilə bir neçə gənc günahlandırılıb. Onlar ailə üzvləri ilə birlikdə işgəncəyə məruz qalıb, valideynləri zorla ruhi dispanserdə yerləşdirilib. Çox təəssüf ki, o zaman təzyiq qurbanlarından olan 70 yaşlı gözlərindən əlil İsmayıl Hüseynov dispanserdən çıxandan az sonra mənəvi təzyiqlərə dözməyərək dünyasını dəyişib”.
Öz növbəsində, Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin bu gün yaydığı bəyanatda bildirilir ki, özünü yandırmağa cəhd etmiş Bənəniyar kənd sakini Əliyev Yunis Kamal oğlu Naxçıvanın Psixi Xəstəliklər Dispanserində qeydiyyatda olub. Bundan başqa, bu ailənin digər üzvləri - anası Əliyeva Şərəbanı Qardaşxan qızı, dayıları Quliyev Vasif Qardaşxan oğlu və Quliyev Yusif Qardaşxan oğlu da həmin dispanserdə qeydiyyatda olub, müalicə alıb və həkim nəzarətində saxlanıblar.
“Yunis Əliyevin xəstə halından istifadə etmək istəyən Xalq Cəbhəsinin qanunsuz silahlı dəstəsinin üzvü olan Rza Nuriyevin başçılıq etdiyi bir qrup şəxs onu orta ağır dərəcədə sərxoş vəziyyətə gətirərək, kənd məktəbinin ərazisində və ətrafında fəaliyyətləri dayandırılan yöndəmsiz köşklərin yenidən açılması üçün qeyri-qanuni hərəkətlərə təşviq edib”, - deyə bəyanatda bildirilir.
Hadisə ilə əlaqədar Naxçıvan Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi başlanıb.
“Bizim ailədə ruhi xəstə olmayıb”. Bu barədə isə Bənəniyarda baş verən hadisələr zamanı atasının həbsinə etiraz olaraq özünü yandıran Yunis Əliyevin bacısı Kəmalə Əliyeva Turan Agentliyinə bildirib.
Ailələrində ruhi xəstələr olması barədə Naxçıvan nümayəndəliyinin yaydığı bəyanatı ailəsu üçün təhqir sayan xanım Əliyeva bunu hörmətsizlik adlandırıb. ”Ailəmiz haqqında deyilənlər qarayaxmalardan biridir, ailəmizin psixi durumu dəyərləndirmək istəyənlər bunu yoxlaya bilər”- deyə xanım o qeyd edib.

XS
SM
MD
LG