Accessibility links

Ermənistan-Azərbaycan münaqişəsində 4133 Azərbaycan vətəndaşı itkin düşüb


Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 2009-cu il ərzində fəaliyyəti ilə bağlı hesabatını açıqlayıb.
2009-cu ildə Dövlət Komissiyasında Ermənistanın təcavüzü zamanı itkin düşmüş şəxs kimi qeydiyyata alınmış, lakin Beynəlxalq Qızıl Xaç Komitəsində qeydiyyatdan keçməyən 117 Azərbaycan vətəndaşı ilə bağlı materiallar toplanıb və sistemləşdirilərək bu quruma göndərilib.
İtkin düşmüş şəxslərin axtarışı istiqamətində aparılmış araşdırmalar nəticəsində 7 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilib, adları müvafiq siyahıya salınıb. 1 dekabr 2009-cu il tarixə olan məlumata görə, 4133 nəfər itkin düşüb, 1396 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçib.
Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 44 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsinin ehtimal olunduğu müəyyənləşdirilib.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində (1988-1994-cü illərdə, 1994-cü ilin mayından atəşkəs elan edilib) 30 mindən çox Azərbaycan vətəndaşı həlak olub, 60 minədək insan yaralanıb.



XS
SM
MD
LG