Accessibility links

Türkiyə-İsrail münasibətlərində gərginlik artır (audio)


Türkiyənin “Qurdlar Vadisi” teleserialında İsrailin kəşfiyyat xidməti Mossadın Türkiyədə casusluqla məşğul olaraq türk körpələri oğurlaması səhnəsi İsrail-Türkiyə münasibələrindəki gərginliyin daha da artmasına səbəb olub. Bir zamanlar yaxın müttəfiq olmuş iki dövlət arasında əlaqələr 2008-ci ildə İsrailin Qəzza Zolağına hücumundan sonra gərginləşib.

Türkiyənin məşhur “Qurdlar Vadisi” tele-serialından səhnə türk agentlərin İsrail diplomatik missiyasına daxil olaraq israilli məxfi xidmət işçilərinin oğurladığı uşağı xilas etdiyini göstərir.

Bu epizodda filmin baş qəhrəmanı məxfi agent Polad Ələmdar türk uşağı xilas etmək üçün İsrail diplomatik missiyasına daxil olur. Polad Ələmdar bir İsrail agentini öldürən zaman onun qanı İsrail bayrağının üzərinə sıçrayır. İkinci İsrail agenti ona müharibə cinayətləri barədə xəbərdarlıq edəndə isə türk agentin cavabı belə olur: “Yalnız sizəmi müharibə cinayətləri törətməyə icazə verilib?”.

Filmə etiraz edən İsrail Türkiyənin Təl Əvivdəki səfirini xarici işlər nazirliyinə çağırıb. Gərginlik İsrail xarici işlər nazirinin müavini Denni Ayalon və səfir Oğuz Çelikkolun görüşü zamanı da davam edib. Ayalon səfirin əlini sıxmaqdan imtina etdi və Oğuz Çelikkol Ayalondan daha aşağı kürsüdə oturmağa məcbur edildi.

Ardınca Türkiyə İsrail səfirini geri çağırmaqla hədələdi və İsrail baş naziri Benyamin Netanyahunun idarəsi çərşənbə günü axşam üzrxahlıq məktubu göndərdi. Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan isə üzrxahlığı qəbul etdi.

Tərəflər arasında münasibətlər keçən il cənab Ərdoğanın İsrailin Qəzzaya hücumunu sərt tənqid etməsindən sonra pisləşib.
Türkiyədə hökumətin İsrail siyasətinə dəstək artır

ABŞ və Avropa Birliyinin dəstəyi ilə Türkiyə İsraillə strateji əlaqələrini inkişaf etdirib. 1995-ci ildə Ankara ilə Təl Əviv arasında imzalanan hərbi əməkdaşlıq razılığı İsrail hərbi təyyarələrinə təlim keçmək üçün Türkiyə hava hüdudlarından istifadə etməyə, Türkiyə qüvvələrinə isə İsrailin təlim obyektlərindən istifadəyə icazə verirdi.

Analitiklər deyir ki, strateji alyansın əsasını ortaq düşmən Suriya təşkil edirdi. O zaman Dəməşq PKK lideri Abdulla Öcəlanın müdafiəsini təmin edirdi.

İstanbulun Bilgi Universitetinin analitiki Soli Özəl məsələni izah edir: “Türkiyə lideri Suriyada olan üsyan hərəkatı ilə mübarizə aparırdı. İki il ərzində İsraillə münasibətlər Türkiyənin öz istəyinə nail olmasına gətirib çıxartdı və Öcalan Suriyanı tərk etdi”.

O vaxtdan bəri isə Türkiyə-Suriya münasibətləri yaxşılaşmağa başladı və iki ölkə visasız rejim sisteminə keçdi. Dəməşq rəsmiləri ilə görüşün sonunda baş nazir Ərdoğan dövlətlər arasında qardaşlıq mübasibətlərini alqışlamışdı və bunun davam etməli olduğunu bildirmişdi.

Türkiyə-Suriya əlaqələri Ankaranın İsraillə münasibətlərini korlaya bilər. Buna baxmayaraq İsrail müdafiə naziri Ehud Barakın Təl Əvivlə Ankara arasında diplomatik gərginlik başlamamışdan əvvəl planlaşdırılmış səfərinin bazar günü baş tutacağı gözlənilir.

Mövzuya uyğun

XS
SM
MD
LG