Accessibility links

İlham Əliyev: Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq 


Azərbaycan Nazirlər Kabinetinin 2009-cu ilin yekunları ilə bağlı keçirilən iclasında prezident İlham Əliyev bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin hansı yolla həlli artıq dəqiqləşib və ərazi bütövlüyü prinsipi prioritet götürülüb. O hesab edir ki, bu, münaqişənin sülh yolu ilə nizamlanması üçün əsas ola bilər. “Bu düstur Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hesab edirəm ki, həlledici ola bilər. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Bütün işğal edilmiş torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır. Bizim soydaşlarımız, - məcburi köçkünlər, - qaytarılmalıdır, təhlükəsizlik tədbirləri görülməlidir və gələcəkdə Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi yüksək muxtariyyət şəraitində Azərbaycan dövlətinintərkibində yaşamalıdır. Bizim mövqeyimiz bundan ibarətdir və beynəlxalq birliktərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”, - deyə dövlət başçısı qeyd edib.
Dövlət başçısının bəyanatı iqtidar və müxalifət partiyaları, eyni ilə də müstəqil politoloqlar tərəfindən dəstəklənir. Amma bununla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən qəbul ediləcəyinə inam azdır. Müxalifətdə olan “Müsavat” partiyasının başqanı İsa Qəmbər hesab edir ki, cənab Əliyevin dedikləri beynəlxalq sənədlərdə əksini tapıb. “Amma fakt faktlığında qalır. Münaqişə həllini tapmayıb və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır”.
“Yeni Azərbaycan” partiyasının icra katibinin müavini Mübariz Qurbanlı prezidentin bəyanatının Azərbaycan xalqının mövqeyini əks etdirdiyini xatırladıb. “Prezident səbirli diplomatiya nümayiş etdirir və bu iqtisadi yüksəlişlə siyasi problemlərin həlli yoludur”.
Müstəqil politoloq Rasim Musabəyov isə nizamlanma prosesində iştirak edən prezidentlərin hamısının belə bəyanatla çıxış etdiyini bildirib. “Amma hələ də münaqişənin həlli istiqamətində hər hansı irəliləyiş yoxdur”.

Bu arada Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, rəsmi Yerevan Dağlıq Qarabağ münaşəsində heç bir güzəştə getməyəcək.

XS
SM
MD
LG