Accessibility links

İsrailin xarici işlər naziri Azərbaycanda səfərdədir


Israilin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana üçgünlük səfəri başlayıb. O prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Milli Məclisin sədri Oqtay Əsədovla və yəhudi icması ilə görüşəcək.

İsrail xarici işlər naziri səfər öncəsi bildirib ki, Azərbaycan ilə İsrail arasındakı dostluq münasibətlərinin kökləri dərindir. “Azərbaycanda yəhudi icmasının fəaliyyət göstərməsi də buna əyani sübutdur. Hazırda iki ölkə arasında qarşılıqlı ticarət əlaqələri, humanitar sahədə yüksək irəliləyişlər müşahidə olunur”.

Cənab Libermanın Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə Azərbaycan-İsrail əlaqələri, beynəlxalq siyasət, təhlükəsizlik və maraq doğuran digər məsələlər müzakirə olunub. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunulub, problemin yalnız Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində nizamlanmasının mümkünlüyü vurğulanıb.

Newsru portalının İsrail xidməti İsrail xarici işlər nazirliyinin mətbuat xidmətinə istinadən bildiribki, prezident İlham Əliyevlə görüş zamanı qlobql məsələlərlə yanaşı Yaxış Şərq mövzusuna da toxunulub.

Cənab Liberman İsrailin Fələstinlə birbaşa danışıqların bərpasını istədiyini vurğulayıb. O yaxın zamanlarda Fələstin administrasiyasının rəhbəri Mahmud Abbasın Bakıya səfərə gələcyini xatırladıb və prezident İlham Əliyevdən xahiş edib ki, Fələstin tərəfini İsraillə sülh danışıqlarını bərpa etməyə çağırsın.

Turan Agentliyinin məlumatına görə, Azərbaycan İsrailə əsas neft ixracatçılarından biridir. 2009-cu ilin 9 ayı ərzində İsrailə 770 mln. dollar məbləğində neft məhsulları ixrac edilib ki, bu da 2008-ci ilin həmin dövrü ilə müqayisədə 74,5% azdır. Həmin müddət ərzində İsrail Azərbaycana 45,7 mln. dollarlıq və ya 2008-ci ildəkindən 21,6% az məhsul ixrac edib.

XS
SM
MD
LG