Accessibility links

Harayın bu həftəki qonağı Tofiq Türkel: ‘İranda xalqların Allahın verdiyi dildə danışmaq haqqı yoxdur’


Harayın bu həftəki qonağı Tofiq Türkel: ‘İranda xalqların Allahın verdiyi dildə danışmaq haqqı yoxdur’

Harayın bu həftəki qonağı Tofiq Türkel: ‘İranda xalqların Allahın verdiyi dildə danışmaq haqqı yoxdur’

<!-- IMAGE -->

Harayın bu həftəki qonağı dini məsələlər üzrə ekspert Tofiq Türkeldir. Onun sözlərinə görə, din insanlara aid bir məsələdir. Ekspert deyir ki, İran insanlara aid olan məsələni dövləti müstəviyə gətirməklə ən böyük səhvə yol verdi. Tofiq Türkellə müsahibəni təqdim edirik.

Sual: İran İslam İnqilabının tarixi dərsləri dünya ictimaiyyətinə nə verdi? İrana nə verdi?

Cavab: İran İslam İnqilabı sözün əsl mənasında bu xalqa geniş heç nə vermədi. Səbəbləri aşağıdalılardır: İnqilab xalqa nəzərdə tutulan azadlıqları tanıya bilmədi; geniş mənada xalqın hüquqlarını təmin edə bilmədi; İrandakı digər xalqların haqlarını tanıya bilmədi; ən başlıcası İran İslam İnqilabı İslam adı altında olmasına baxmayaraq İslamın elementar tələblərinə belə əməl edə bilmədi. İran ilk dəfə idi ki, din və siyasi iddia ortaya qoymuşdu. Bu, dinin tələblərinə zidd idi. Din insanlara aid bir məsələdir. İran insanlara aid olan məsələni dövləti müstəviyə gətirməklə ən böyük xətasına yol vermişdi.

Sual: Dini fəlsəfənin dövlət fəlsəfəsinə gətirilməsi xarici siyasət kursunda İrana nə verdi? Dini fəlsəfə dövlətçilik fəlsəfəsi xarici siyasət kursunda nə deməkdir?

Cavab: Qurani Kərimdə belə bir ifadə keçir: “Bir günahsız insanı qətl etmə ki, bir günahsız insanın qətli aləmin qətlinə bərabərdir.” Din insanın özünün azadlıqları üçündür. İranda bu gün istər İran xalqı deyərək, istərsə konkret xalqlar deyərək, Azərbaycan türkləri, qaşqarlar, kürdlər, bəlucların heç bir haqları yoxdur. Bu xalqların heç Allahın verdiyi dilində danışmaq haqqı yoxdur.

Sual: İslam fəlsəfəsinin dövlətçilik fəlsəfəsinə gətirilməsi daxili proseslərdə nə verdi? Yəni xalqla dini dövlət arasında iqtisadi münasibətlərə nə verdi? Sosial münasibətlərə nə verdi, mədəni münasibətlərə nə verdi, humanitar münasibətlərə nə verdi?

Cavab: Bu, İran adlı ərazidə yaşayan xalqlara heç nə vermədi və verə də bilməzdi. Çünki niyyətlər ali olsa da, onu yerinə yetirən konkret insanlar idi. Bu insanların konkret maraqları var idi. İnqilabın ilk illərində, dövlətin zəif olduğu vaxtlarda İran İslam İnqilabı rəhbərləri hər bir dildə qəzetlər, kitablar, jurlar nəşr olunmağı, məktəblər açılmağını də vəd etmişdi. Hakimiyyət güclənən kimi isə ən pis mənada üzünü xalqa göstərdi. Bu ən güclü şəkildə keçən il president seçkiləri zamanı müşahidə edildi. Bu xalqı qorumalı olan silah, xalqın özünə tuşlandı.

Sual: Yeri gəlmişkən, dində ədalətsizliyə qarşı dözümsüzlük faktı var, mübarizə var. Yəni qeyd edilir ki, insanlar ədalətsizliyə qarşı mübarizə aparmalıdır. Bu gün İra müxalifəti ədalətə qarşı mübarizə aparır, ədalətsizliyə qarşı mübarizə aparır və dini dövlət bu mübarizəni niyə tanımır?

Cavab: Hakimiyyətdə olanlar da, müxalifətdə olanlar da bilirlər ki, din adına alver edirlər. Çünki hakimiyyət hakimiyyəti saxlamaq üçün dinə təhlükə var deyir, müxalifət də bu qüvvələrin dindən uzaqlaşdığını deyir. İkincilərin dediyində həqiqət birincilərin dediyindən daha çoxdur. Çünki ədalətsizliyə qarşı mübarizə aparmaq artıq zərurətə dönür. İran müxalifəti bu mübarizəni hakimiyyətə qarşı aparır və bu mübarizə təqdir olunandır.

Sual: İranda islam dini dövlət fəlsəfəsi, dünyaada islama qarşı belə təhdidlər gətirirsə də, dünyada tanınmış islam alimləri, islam aparıcı liderləri niyə İran liderlərinə qarşı çıxış etmir? Səbəbi nədir?

Cavab: İran hokumətinə qarşı etirazlar var. Ancaq İran ortaya bir dini məsələ qoymur. Bu gün İran dövlət olaraq islama yox, islam İran dövlətinə qulluğa gətirilib. Dövlət faktiki olaraq islamı istismar edir. İranın islam dövləti olmasından cəmi 30 il keçib. İslamın isə 1500 il yaşı var. Yəni 1500 il idi İslamın İran dövlətinin qayğısına, köməyinə ehtiyacımı var idi? İran dövləti islam adı ilə daxildəki xalqların haqlarını yemək üçün süni bir birləşmə yaratmaq istəyir. İran gözəl başa düşür ki, bu xalqların azadlığı məsələsi ortaya gəlsə, ümumiyyətlə İran adlı dövlət olmayacaq. Ona görə də, islam alimləri hətta İran daxilində - Taleqani, Şəriyət Mədari, Seyid Əli Müntəziri hər dəfə öz etirazlarını bildiriblər.

Sual: Eyni zamanda dində insanlara əzab verilməsi qadağan edilibdir. İran İslam dövlətinin həbsxanalarda insanlara olmazın əzablar verməsi ilə bağlı bu gün bəyanatlar, məlumatlar səslənir. Hətta İranın keçmiş dövlət rəhbərləri tərəfindən səslənir. Buna münasibətiniz necədir?

Cavab:
Əlbəttə birmənalı olaraq pisdi. İran liderlərinin nəzərinə Qurani Kərimdən bir ayəni çatdırıram ki, zülm axirətə aparacağınız ən pis yükdür. Əgər doğrudan da bu insanların içində islama hörmət varsa, bu müddəanı götür-qoy etsinlər və axirətdə nə qazanacaqlarını indidən fikirləşsinlər.

Sual: Həm də İran hakimiyyətinin nümayəndələri bugünkü rejimə qarşı çıxanları “Allaha qarşı çıxanlar” adlandırır. Təxminən belə səslənir və onlara əzab verilməsi ilə bağlı bəyanatlar səsləndirirlər. Buna münasibətiniz?

Cavab:
Ümumiyyətlə, islamda Allaha qarşı çıxmaq anlayışını başa düşə bilmirəm. Əgər bu insanlar mübarizəyə qalxanda bu rənglə çıxmışdılarsa, yaşıl islami rəmzdir, necə olur ki, bu insanlar birdən-birə allahsız olurlar. Sadəcə olaraq İran hakimiyyəti o insanların mübarizəsinin qarşısını almaq üçün başqa bir vasitə tapmadı, ona görə də özlərini allahlaşdırmaq istədilər. Yəni guya ki onların əleyhinə çıxmaq Allahın əleyhinə çıxmaqdı.Heç də elə deyil. İran müxaifəti çox yaxşı bilir ki, İran hakimiyyətində təmsil olunan, saxtakar və dövlət adına dinlə alver edən insanların əleyhinə çıxır.

Mövzuya uyğun

XS
SM
MD
LG