Accessibility links

Azərbaycan Madrid sənədinin yenilənmiş variantını qəbul edib


Azərbaycan Madrid sənədinin yenilənmiş variantını qəbul edib

Azərbaycan Madrid sənədinin yenilənmiş variantını qəbul edib

<!-- IMAGE -->

ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev Azərbaycanda səfərdədir. O prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, siyasi partiya rəhbərləri və Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşüb. Görüşlərdən sonra keçirilən birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Madrid sənədinin yenilənmiş variantını ümumilikdə, qəbul edib. “Sənəd tərəflərə ötən ilin dekabrında Afinada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının sammitində ATƏT Minsk Qrupuna həmsədrlik edən ölkələrin xarici işlər nazirləri tərəfindən təqdim edilib. Azərbaycanı tamamilə qane etməyən müəyyən elementlər olmasına baxmayaraq, sənəddə əksini tapmış münaqişənin mərhələli həllinə yanaşmanı dəstəkləyirik. Söhbət erməni qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasından, məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasından, kommunikasiyaların açılmasından, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının birgə yaşaması üçün şərait yaradılmasından gedir”.
Nazirin sözlərinə görə, Ermənistan hələ də Madrid sənədinin yenilənmiş variantına öz fikrini bildirməyib. “Azərbaycan tərəfi və həmsədrlər Madrid sənədinin yenilənmiş variantı ilə bağlı Yerevanın cavabını gözləyir. Mən, Rusiya xarici işlər naziri Sergey Lavrovun Latın Amerikasına

<!-- IMAGE -->

səfərindən əvvəl, onunla bu mövzuda danışdım və cənab Lavrov Yerevanın yaxın günlərdə mövqeyini açıqlayacağını dedi”.
Cənab Məmmədyarov hesab edir ki, problemin həllində ən çətin məqam işğal edilmiş ərazilərin azad edilməsi və köçkünlərin bu ərazilərə qaytarılmasıdır. “Bu məsələdə irəliləyişin əldə olunması digər problemlərin, xüsusən kommunikasiyaların açılması məsələsinin həllinə yol açacaq. Dağlıq Qarabağın azərbaycanlı icmasının qayıtmasından və iki icmanın dinc şəraitdə birgə yaşamağa başlamasından sonra regiona yüksək muxtariyyət statusu verilə bilər”, - deyə o qeyd edib.
Xarici işlər naziri Azərbaycanın Qazaxıstanın bu ilin sonunda ATƏT-in növbəti sammitinin keçirilməsi barədə təşəbbüsünü dəstəklədiyini də bildirib.
Cənab Saudabayev isə deyib ki, ATƏT-in sonuncu sammiti 1999-cu ildə İstanbulda keçirilib və ötən dövrdə bir çox problemlər yaranıb. “Bu problemlərdən biri nizamlanmamış münaqişələr, o cümlədən Qarabağ problemidir. ATƏT-də sədrliyi dövründə Qazaxıstan bu münaqişəyə xüsusi diqqət yetirmək niyyətindədir. Madrid sənədinin yenilənmiş variantı, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşü müəyyən nikbinlik yaradır. 2010-cu ildə nizamlanma prosesində irəliləyiş əldə olunacağına ümid etmək üçün əsas var”, - deyə o bildirib.
Cənab Məmmədyarov da qeyd edib ki, Qazaxıstanın sədrliyi Qarabağ nizamlanmasında mühüm rol oynaya bilər. “ATƏT-in bütün üzvləri başa düşməlidir ki, təhlükəsizlik və əməkdaşlıq təşkilatının iştirakçısı olan ölkələr arasında münaqişələrin mövcud olması keçmişin izləridir. 21-ci əsrdə ərazilərin işğalı və etnik təmizləmələr qəbuledilməzdir”, - deyə o qeyd edib.
”ATƏT sədrinə Dağlıq Qarabağın azərbaycanlı icmasının doğma yurdlarına qayıtmaq istədiyini bildirdik. Biz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ermənilərlə birgə yaşamağa hazırıq. Ermənilər bizim həm də sərhəd qonşularımızdır. Bu baxımdan onlarla birgə yaşamağa həm də məhkumuq”. Bu bəyanatla ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdən sonra Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Bayram Səfərov çıxış edib.
İcma sədri Dağlıq Qarabağın 75 minlik azərbaycanlı icması doğma yurduna qayıtdıqdan sonra Dağlıq Qarabağın statusunun müzakirəsini mümkün sayır. Ancaq o əmindir ki, sadə erməni camaatı referendum istəməyə də bilər.
Cənab Səfərov Dağlıq Qarabağın azərbaycanlı icmasının qayıdışdan sonra təhlükəsizliyinin təmin edilməsi ilə bağlı sualın cavabında deyib ki, regionda yerləşdirilən sülhməramlıların neytral dövlətlərin hərbiçilərindən təşkil edilməsi daha yaxşı olar.



XS
SM
MD
LG