Accessibility links

Dəyirmi Masa: İran-Qərb münasibətləri


Dəyirmi Masa: İran-Qərb münasibətləri

Dəyirmi Masa: İran-Qərb münasibətləri

<!-- IMAGE -->

Son günlər Yaxın Şərq bir sıra mühüm rəsmi səfərlərə səhnə olub. ABŞ dövlət katibi Hillari Klintonun İran Körfəzi ölkələrinə səfəri və Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Tehrana səfərinin başlıca diqqət mərkəzində İranın nüvə proqramı və İslam Respublikasının Qərblə əlaqələri dururdu. Xanım Klintonun İranın hərbi diktaturaya çevrilməsi haqda dediklərinə İran rəhbərliyi sərt cavab verərək, əksinə, ABŞ-ın regionda özünü diktator kimi apardığını söylədi. Qərb-İran münasibətləri və İran daxilində cərəyan edən hadisələr üzərində diskussiya aparmaq üçün həftənin dəyirmi masa söhbətinə Dünya Azərbaycanlıları Konqresinin təmsilçisi Səftər Rəhimli və Kanadanın Ontario ştat parlamentində Federal Partiyanı təmsil edən millət vəkili Dr. Rza Müridini dəvət etdik.

ABŞ dövlət katibi Hillari Klintonun İranda hakimiyyətin tədricən İnqilab Qvardiyasının əlinə keçməsi haqda dediklərini şərh edən cənab Müridi bu fikirlə razılaşdığını bildirdi. Onun sözlərinə görə son illərdə İnqilab Qvardiyası güclənərək ölkədə bir sıra mühüm sənaye, nəqliyyat, və ticarət obyektlərinə yiyələnmişdir. İnqilab Qvardiyasının artan səlahiyyətləri öz növbəsində bu qurumu İslam Respublikasında iri güc mənbəyinə çevirib. Səftər Rəhimlinin fikrincə 12 iyun prezident seçkilərindən sonra İranda baş qaldıran etiraz dalğası və onun qəddarlıqla yatırılması İnqilab Qvardiyasının qüdrətini bariz şəkildə meydana çıxarıb. İnsanların həbsləri və təqib olunması qvardiyanın cəmiyyətə təsir imkanlarını artırıb. Hakimiyyətin artan qaydada yarı-hərbi qüvvələrə arxalanması, cənab Rəhimlinin rəyinə görə, ölkəni hərbi diktatura vəziyyətinə yaxınlaşdırıb.

İranın nüvə proqramının məramları haqda söz açan Rza Müridi bunun sadəcə hərbi məqsədlərə xidmət etdiyini söylədi. Kanada Radiasiya Təhlükəsizliyi İnstitutunun Prezident müavini qismində çalışmış və nüvə məsələləri üzrə alim olan cənab Müridi hesab edir ki, neft və qaz ehtiyatları ilə zəngin olan İranın baha qiymətə nüvə enerjisi hasil etməsi məntiqə sığmır. Lakin Pakistan, Şimali Koreya kimi ölkələrin atom bombası əldə edə bilməsi göstərir ki, İran da bu hədəfə getdikcə yaxınlaşır. Eyni zamanda İranın atom bombasına yiyələnməsi regionda silah yarışına start verə bilər. Səftər Rəhimli Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun İranla Qərb dövlətləri arasında vasitəçilik səylərini şərh edərkən bunun uğurla nəticələnə biləcəyinə şübhə altına aldı. Onun sözlərinə görə İranın apardığı siyasət təkcə Qərb dövlətlərinə deyil, həm də region dövlətlərinin maraqlarına qarşı yönəlib.

XS
SM
MD
LG