Accessibility links

Azərbaycanda səhiyyə sisteminin illik göstəriciləri


Azərbaycanda səhiyyə sisteminin illik göstəriciləri
Azərbaycanda səhiyyə sisteminin illik göstəriciləri
<!-- IMAGE -->

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev 2009-cu ildə Səhiyyə nazirliyi tərəfindən görülmüş işlərlə bağlı mətbuat konfransı keçirib.
Nazir səhiyyə sisteminə büdcə ayırmaları, islahatlar, yeni xəstəxanaların tikintisi, xəstələrə tibbi xidmət, ana və uşaqların sağlamlığı, xarakterik xəstəliklər, A(H1N1) qripinə qarşı vaksinasiya və başqa mövzulara toxunub.
Nazir 2009-cu ildə dövlət büdcəsindən səhiyyə ehtiyaclarına ayrılan vəsaitin 2008-ci illə müqayisədə 50 faiz artaraq 502 milyon manata çatdığını bildirib. “Bu 2003-cü ildə səhiyyəyə ayrılan 59 milyonluq büdcə vəsaitindən 8 dəfə çox idi”.
O 2009-cu ildə əhalinin xəstəxana çarpayıları və tibb kadrları sahəsində təminatı ilə bağlı yeni say hədəfinin başa çatdırıldığını deyib. “Nəticədə rayonlarda çarpayı fondu 55 faizədək, stasionarın sayı isə 50 faizədək azaldılıb. Amma tibb işçilərinin ixtisarına yol verilməyib”.
Cənab Şirəliyev ötən il 60-dan çox tibb müəssisəsinin tikintisi, əsaslı təmiri və yenidən qurulmasının davam etdirildiyini deyib. “2009-cu ildə bu proqramlar üçün 50 milyon manat ayrılıb”.
Nazir 2009-cu ildə uşaq və ana ölümü göstəricilərinin azaldığını və qeydə alınan şəkərli diabet xəstələrin sayının artdığını qeyd edib. “2008-ci ildə uşaq ölümü göstərici 12,0 promilli olubsa, 2009-cu ildə bu göstərici 11,4-də enib. Ana ölümü əmsalı isə (100 min diri doğulana) müvafiq olaraq 26,1- dən 24,3-ə enib. Şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşdırılıb, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə 2 dəfədən çox artaraq 118 mini keçib. Şəkərli diabetdən ölən xəstələrin göstəricisi 21,7-dən 9,2-yə (hər 100 min nəfər əhaliyə) enib”.
O talesimiyalı, onkoloji, xroniki böyrək çatışmazlığı olan xəstələrə tibbi xidmətin yüksəldiyini, vərəmlə mübarizə və əhaliyə göstərilən cərrahi yardımın keyfiyyətinin yaxşılaşdırıldığını deyib. Cənab Şirəliyev yuxarıda adları sadalanan xəstəlik daşıyıcılarının dövlət hesabına pulsuz müayinə, müalicə və dərmanlarla təmin edildiyini bildirib. “2003-cü illə müqayisədə xəstəxanalarda müalicə olunan xəstələrin sayı 36 faiz, təcili tibbi yardım göstərilən xəstələrin sayı 53 faiz, ambulator müraciətlərin sayı 33 faiz artıb”.
Nazir Azərbaycanda uşaq və böyüklərin kardioloji cərrahiyyə əməliyyatlarının pulsuz həyata keçirilməsi işinə başlanacağını deyib. “Hazırda Topçubaşov adına xəstəxanada uşaq və böyüklər üçün kardioloji cərrahiyyə mərkəzi yaradılır. Bu mərkəzdə xəstələr növbəlilik əsasında pulsuz əməliyyat olunacaq. Hazırda isə Travmotologiya və Ortopediya Mərkəzində oynaq əməliyyatları pulsuz həyata keçirilir. Həmçinin Səhiyyə nazirliyi 1 saylı xəstəxanada beynəlxalq standartlara uyğun laboratoriya təşkil edir. Həmin laboratoriyaya referens laboratoriya sertifikatı alınacaq”.
O suallara cavabda bildirib ki, ölkədə büdcə vəsaitindən adambaşına düşən səhiyyə xərcləri 60 dollar təşkil edir. “Amma adambaşına düşən səhiyyə xərcləri əslində daha çoxdur. Ölkədə səhiyyə nazirliyinin tibb müəssisələri ilə yanaşı 12 xidməti tibb idarəsi də fəaliyyət göstərir. Bu müəssisələrə də kifayət qədər vəsait ayrılır. Dövlət Neft Şirkətinin xətti ilə çoxsaylı diaqnostik mərkəzlər tikilib, Prezidentin Ehtiyat Fondundan on milyonlarla vəsait ayrılıb. Bu ilin sonunadək ölkə üzrə bütün təcili tibbi mərkəzlərin “Mersedes” markalı təcili tibbi avtomobillərlə təchizatı başa çatdırılacaq”.
Nazir eyni zamanda suallara cavabında həkimlərin maaşlarının az olduğunu etiraf edib. “Son illər həkimlərin maaşları 4 dəfə müxtəlif məbləğlərdə artırılıb. Hazırda təcili tibbi yardım həkimlərinin maaşları 600-700 manat təşkil edir. Ümumilikdə həkimlərin orta aylıq əmək haqqı 200 manatdır və bu, bizi hələ qane etmir” .
Cənab Şirəliyev səhiyyədə rüşvətlə bağlı və dərman satışı üçün lisenziya alınması ilə bağlı 50 000 manat rüşvət tələb edilməsi ilə bağlı mediada son günlər yazılanlar barədə suala isə “bunlar gülməlidir”, - cavabını verib. “Dərman satışı ilə bağlı lisenziyalar 5 500 manatdır. Burada da müəyyən problemlər var. Bir çox apteklər bu rüsum müqabilində qazanc əldə edə bilmir. Ona görə də rüsumlarla bağlı Nazirlər Kabinetinə müraciət edəcəyik. 50 min manat rüşvət verib aptek açırlar ifadəsi isə çox gülməlidir”, - deyə nazir medianın səhiyyə sahəsində rüşvətlə bağlı yazdıqlarını təkzib edib.
O ölkədə qeydiyyatdan keçməyən dərmanlarının qarşısının alındığını bildirib. “Hazırda 3 min adda dərman qeydiyyatdan keçib. Qeydiyyat tətbiq edilənədək isə ölkəyə 15 minədək adda dərman gətirilirdi”.
nazir xaricdən gələrək Azərbaycanda fəaliyyət göstərən həkimlərlə bağlı deyib ki, həmin mütəxəssislərin diplomlarını öncə Təhsil nazirliyi tanımalıdır. “Diplomları tanındıqdan sonra səhiyyə nazirliyindən tibb müəssisələrində işləmək üçün icazə almalıdırlar”.
Azərbaycanda 2009-cu ildə bədxassəli şiş xəstələrinin sayı 7653 nəfər (2008-ci ildə 7296 nəfər olub), aktiv vərəm xəstələrinin sayı 4797 nəfər (2008-ci ildə 4255 nəfər) olub. Ötən il 21723 şəkərli diabet xəstələri aşkarlanıb və bu xəstələrin sayı 118 490 nəfərə (2008-ci ildə 108 317 nəfər) çatıb. Bu barədə isə Səhiyyə nazirliyinin məlumatında deyilir.
Xəbərə görə, 2009-cu ildə bədxassəli şiş xəstəliyindən 5667 nəfər (2008-ci ildə 5806), vərəm xəstəliyindən 517 nəfər (2008-ci ildə 578), şəkərli diabet xəstəliyindən 806 nəfər (2008-ci ildə 814), talassemiya xəstəliyindən (2008-ci ildə 31) 20 nəfər və xroniki böyrək çatışmazlığından 181 nəfər (2008-ci ildə 205) dünyasını dəyişib. Ümumilikdə 2009-cu ildə ölkə xəstəxanalarına müraciətlərin sayı 549 221, ambulator poliklinikalarına müraciətlərin sayı isə 4 372 5311 olub. İl ərzində 13 789 20 nəfər insana təcili tibbi yardım göstərilib. 136 258 adam cərrahiyyə əməliyyatına məruz qalıb
Rəsmi məlumatlara görə, Azərbaycanda 28 489 həkim, 56 842 orta tibb işçisi fəaliyyət göstərir. Ölkədə 750 xəstəxana, 1670 poliklinika var. Xəstə çarpayılarının sayı 70 mindir. Qanunvericiliyə görə, dövlət tibb müəssisələrində müayinə və müalicənin pulsuzdur.

XS
SM
MD
LG