Accessibility links

İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası


İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası

İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası

<!-- IMAGE -->

Dünya Azərbaycanlıları Konqresi İranın Bakıdakı səfirliyi qarşısında piket keçirib. Piketdə İran hakimiyyətinin bu ölkədə yaşayan azərbaycanlıların mədəni hüquqlarını tanımaması ilə bağlı və İranın Ermənistanla əməkdaşlığı əleyhinə şüarlar və plakatlar qaldırılıb. Bakıdakı aksiya Tehranda Azərbaycan səfirliyi və Təbrizdə Azərbaycanın baş konsulluğu qarşısında ötən həftə keçirilən piketlərə etiraz olaraq təşkil edilib. İrandakı etirazlar İsrailin xarici işlər nazirinin Azərbaycana səfərindən sonra baş verib. Rəsmi Bakı sionist rejiminə və Amerika siyasətinə qulluq etməkdə günahlandırılıb. Azərbaycanın bayrağı yandırılıb, ölkənin müstəqilliyi əleyhinə şüarlar səsləndirilib.
Azərbaycanda isə polisin maneələrinə baxmayaraq piketçilər İran səfirliyinin qapısınadək irəliləyib. Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli məhz İran səfirliyinin qapıları önündə qətnamə oxuyub. O İran hakimiyyətini bu ölkədə

<!-- IMAGE -->

yaşayan azərbaycanlılara qarşı repressiv hərəkətlərə son qoymağa çağırıb.
Dünya Azərbaycanlıları Konqresinin Daimi Şurasının sədri Əjdər Tağızadə etiraz aksiyalarının dünyanın başqa ölkələrindəki İran səfirlikləri qarşısında da davam edəcəyini bildirib. O Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında keçirilən etiraz aksiyasında konsulluğun bağlanması təklifinin irəli sürülməsini qəti pisləyib. “İran hakimiyyəti Azərbaycana qarşı münasibətini dəyişməlidir. Azərbaycanın Təbrizdəki konsulluğunu, Azərbaycanın bayrağını İranda yaşayan 35 milyon azərbaycanlı və dünyadakı 60 milyon Azərbaycan xalqı müdafiə edir. İran hakimiyyəti bu həqiqəti dərk etməlidir”. deyə o qeyd edib.
Bakıda və İranda etirazların keçirildiyi bir vaxtda İran və Azərbaycan rəsmiləri iki ölkə arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu bəyan edib. Belə ki, fevralın 20-dən 22-dək Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İranda rəsmi səfərdə olub. Cənab Əsədov İran prezidenti Mahmud Əhmədinejad, İran parlamentinin sədri, Təhlükəsizlik üzrə Ali Şuranın baş katibi, xarici işlər naziri ilə danışıqlar aparıb, Azərbaycanın Tehrandakı səfirliyində və Təbrizdəki baş konsulluğunda olub.
Prezident Mahmud Əhmədinejad son illər İranla Azərbaycan arasında əlaqələrin sürətlə inkişaf etdiyini deyib.
İran parlamentinin spikeri Əli Laricani İranın xarici siyasətinin əsas prioritetinin regional problemlərin həlli olduğunu bildirib. “İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Biz, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır. Münaqişənin həlli bütün region üçün vacibdir”.
İranın xarici işlər naziri Mənuçehr Mottaki isə hesab edir ki, Azərbaycan ilə İran arasında münasibətlər bütün sahələrdə inkişaf edir.
Görüşlərdə həmçinin regional proseslər, Azərbaycanla İran arasında iqtisadi əlaqələrin genişləndirilməsi yolları, mədəni və humanitar tədbirlərin çoxaldılması barədə müzakirələr aparılıb.
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan-İran əlaqələrinin daha da sürətli inkişafı üçün mövcud imkanlardan səmərəli istifadə olunmasını vacib sayıb. O hesab edir ki, münaqişənin həlli regionda uzunmüddətli sülhün və sabitliyin yaranmasına təsir edən başlıca amildir. “Münaqişə üç yolla nizamlana bilər. Birinci yol beynəlxalq təşkilatların səyi nəticəsində beynəlxalq hüquq normalarının tətbiqidir. İkinci iqtisadi təsir vasitəsidir və region dövlətləri bu sahədə geniş imkanlara malikdir. Sonuncu isə məsələnin güc yolu ilə həll edilməsidir. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır və bu istiqamətdə səylərini davam etdirməkdədir” - deyə o qeyd edib.



XS
SM
MD
LG