Accessibility links

Jurnalist Elmar Hüseynovun qətlindən beş il keçir


Jurnalist Elmar Hüseynovun qətlindən beş il keçir

Jurnalist Elmar Hüseynovun qətlindən beş il keçir

<!-- IMAGE -->

Elmar Hüseynov Fondu jurnalistin qətlinin 5-ci ildönümü ilə bağlı “Azərbaycanda söz və ifadə azadlığı ongünlüyü” mövzusunda tədbir keçirib.
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də evinin astanasında odlu silahla qətlə yetirilib. İstintaq qatillərin adını açıqlasa da onların tutulub Azərbaycana gətirilməsi həyata keçirilməyib. Eyni zamanda, qətlin sifarişçiləri barədə məlumat verilmir.
“Yeni Nəsıl” Jurnalstlər Birliyinin sədri Arif Əliyev bildirib ki, Azərbaycanın müstəqilliyi dövründə ölkədə 10 jurnalist qətlə yetirilib. “Elmar Hüseynov qətlə yetirilən 10-cu və hələ ki, sonuncu jurnalistdir. 9 jurnalist müharibə və ya çevriliş şəraitində qətlə yetirildiyindən güllənin haradan atıldığını müəyyən etmək mümkün olmayıb. Amma, Elmar Hüseynova dəyən güllə daxildən açılan güllədir”, - deyə o qeyd edib.
Cənab Əliyev jurnalistin xatirəsinin yad edilməsi məqsədilə martın 10-dək “Elmar ongünlüyü”

<!-- IMAGE -->

elan edildiyini bildirib. Ongünlük çərçivəsində Elmar Hüseynovun məzarı ziyarət ediləcək, qətlə yetirildiyi evin önündə şamlar yandırılacaq, həbsdə olan jurnalistlərin ailə üzvləri, vəkillər ilə görüş, söz azadlığı ilə bağlı beynəlxalq konfrans keçiriləcək.
Elmar Hüseynov Fondunun həmtəsisçisi Şahbaz Xuduoğlu jurnalistin qətlə yetirilməsini Azərbaycanda azad sözə açılan atəş kimi dəyərləndirib. “Eyni zamanda, bu atəş dövlətin jurnalistləri qoruması etimadına atəş idi”.
Deputat İqbal Ağazadə hüquq-mühafizə orqanlarını jurnalistin qətlini açmağa, sifarişçi və icraçıları məhkəmə önünə çıxarmağa çağırıb.
“Turan” Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, Elmar Hüseynov hakimiyyətdaxili çəkişmənin qurbanı olub. “Bu, 1998-ci ildə senzura ləğv edildikdən sonra, hakimiyyətin azad mətbuata qarşı müharibəyə başladığını elan etməsi idi”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Elımar Hüseynovun qətlinin açılacağına və cinayətkarların cəzalandırılacağına əmindir. O jurnalist təşkilatlarını qətlin üstünün açılması üçün səylərini birləşdirməyə çağırıb.
Öz növbəsində, Milli Təhlükəsizlik nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev “Media Forum” saytına bildirib ki, Elmar Hüseynovun qətlinin açılması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. “Bu tədbirlər intensiv həyata keçirilir. Əməliyyat-istintaq tədbirlərinin miqyası da, həcmi də həddən artıq genişdir, çoxdur.
İş üzrə çoxlu şahid dindirilib və yenə də dindirilir. Axtarış, baxış, götürmə, tanınma, müxtəlif ekspertizalar və digər istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Cinayəti törətmiş şəxslər məlumdur. Bunlar barələrində beynəlxalq axtarış elan olunmuş Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevdir. Həmin şəxslərin tutularaq Azərbaycana təhvil verilməsi üçün Gürcüstanın Baş Prokurorluğuna da müraciətlər edilib. Lakin Gürcüstan tərəfi həmin şəxslərin öz vətəndaşları olduğunu əsas gətirərək onların verilməsindən imtina edib. Hazırda İnterpol dünyanın 180-dən artıq ölkəsində Tahir Xubanov və Teymuraz Əliyev barədə qırmızı xətlə beynəlxalq axtarış aparır. Onların istintaqa cəlb edilməsi üçün mümkün olan bütün tədbirlər görülür”, - deyə o qeyd edib.
Elmar Hüseynovun Norveçə mühacirət etmiş həyat yoldaşı Ruşaniyə Hüseynova isə bu gün “Turan” Agentliyinə müsahibəsində Azərbaycan hökumətini Avropa İnsan Haqları məhkəməsinə verdiyini bəyan edib. “5 il keçməsinə baxmayaraq Elmar Hüseynovun qətli açılmayıb. Azərbaycan və beynəlxalq ictimaiyyət istintaqın gedişi ilə bağlı məlumatlandırılmır. Bütün bunlar, mənə Avropa İnsan Haqları məhkəməsinə müraciət etməyə əsas verir. Avropa Məhkəməsindən xahiş edirəm ki, Elmarın qətli ilə bağlı işdə Avropa İnsan Haqları Konvensiyasının 2, 10 və 13-cü maddələrinin pozulduğunu təsdiq etsin. 2-ci maddə həyat hüququnun, 10-cu maddə ifadə və fikir azadlığının pozulmasını, 13-cü maddə səmərəli məhkəmə müdafiəsi hüququnu nəzərdə tutur.”, - deyə xanım Hüseynova bildirib.

XS
SM
MD
LG