Accessibility links

Avropa İttifaqının sədri: Səfərim Qafqaz regionu və Azərbaycanla bağlı siqnaldır


Avropa İttifaqının sədri: Səfərim Qafqaz regionu və Azərbaycanla bağlı siqnaldır
Avropa İttifaqının sədri: Səfərim Qafqaz regionu və Azərbaycanla bağlı siqnaldır
<!-- IMAGE -->

Avropa İttifaqının fəaliyyətdə olan sədri, İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Azərbaycanda danışıqlar aparıb. O prezident İlham Əliyev və xarici işlər naziri ilə görüşündən sonra mətbuat konfransı keçirib.
Cənab Moratinos bildirib ki, Azərbaycan rəhbərliyi ilə
Dağlıq Qarabağ münaqişəsi, Şərq Tərəfdaşlığı layihəsi, regional təhlükəsizlik, enerji təhlükəsizliyi və Nabucco layihəsi ilə bağlı məsələləri müzakirə edib.
“Mənim səfərim Avropa İttifaqının Qafqaz regionu, xüsusilə Azərbaycanla bağlı siqnaldır. Səfər Avropa İttifaqının regiona və Azərbaycana marağını açıq nümayiş etdirir”.
O Avropa İttifaqının enerji sahəsində Azərbaycanla əməkdaşlığa hazır olduğunu xüsusi vurğulayıb.
Cənab Moratinos Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən deyib ki, Avropa İttifaqı ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir. “Bəziləri Dağlıq Qarabağ münaqişəsini dondurulmuş, bəziləri isə uzadılmış münaqişə adlandırır. Mən isə onu «həlli tapılmış» münaqişə adlandırıram. Ümid edirəm ki, tərəflər konstruktivlik göstərərsə, münaqişə öz həllini tezliklə tapar. Münaqişə kifayət qədər uzunmüddətlidir. Azərbaycan və Ermənistana səfərlərimdən sonra nəticəyə gəlmişəm ki, mövcud imkanlardan istifadə olunsa münaqişə həll oluna bilər. Təbii ki, Avropa diplomatik nüfuzundan istifadə edərək münaqişənin həllinə nail olmaq istəyir”.
Sədr eyni zamanda danışıqlarda viza məsələsinin sadələşdirilməsi, Avropa İttifaqı ilə Assosiativ Sazişin imzalanması məsələsinin müzakirə edildiyini bildirib. Saziş yaxın həftələrdə imzalana bilər.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov danışıqları səmərəli adlandırıb. Onun sözlərinə görə, Avropa İttifaqı münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
Nazir martın 5-də Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirəcəyini deyib. Bu görüşdə yenilənmiş Madrid sənədi ilə bağlı tərəflərin verdiyi təkliflər müzakirə ediləcək.


XS
SM
MD
LG