Accessibility links

Penitensiar xidmət jurnalistin həyatına təhlükə barədə bəyanatını təkzib edir


Penitensiar xidmət jurnalistin həyatına təhlükə barədə bəyanatını təkzib edir
Penitensiar xidmət jurnalistin həyatına təhlükə barədə bəyanatını təkzib edir
<!-- IMAGE -->

Terrorla hədələmə ittihamı ilə 8,5 il müddətinə həbs edilmiş “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev Daxili İşlər nazirliyi, Penitensiar Xidmət rəhbərlərinə, habelə “Amnesty İnternational”, “Sərhədsiz reportyorlar” və Jurnalistləri Müdafiə Komitəsinə müraciət ünvanlayıb.
Müraciəti “Turan” agentliyi yayıb. Sənəddə deyilir: “Mənə qarşı həyata keçirilmiş əxlaqsız və iyrənc “heroin əməliyyatı” hakimiyyətdə qərar tutmuş mütəşəkkil cinayətkar dəstənin müdhiş planlarının tərkib hissəsini təşkil edir.
Azərbaycan hakimiyyətinə yaxın mənbələrdən sızan məlumatlara görə, bu iyrənc təxribat mənə qarşı hazırlanan sui-qəsd planının tərkib hissəsi, daha doğrusu, ilk mərhələsidir.
İnzibati-amirlik institutları ilə pərdələnmiş, dövlət qiyafəsində gizlənmiş bu cinayətkar dəstə mənə qarşı hazırladığı əməliyyatda vaxtilə mərhum Rəna Nəsibovaya qarşı keçirilmiş qəsdin texnologiyasından yararlanmaq niyyətində bulunur. Məlumat üçün bildirirəm ki, 2004-cü ilin iyulunda qətlə yetirilmiş Rəna Nəsibovanın öldürülməsi faktı ilə bağlı prokurorluq orqanları cinayət işi qaldırmaqdan yararlanaraq, Hacı Məmmədovun cinayətkar dəstəsinin cinayətlərinin araşdırılması ilə məşğul olan bir xanımı narkotik istifadəçisi kimi təqdim edib və bu uydurmanı müəyyən “ekspertiza” ilə əsaslandırmağa çalışıb. Halbuki, R.Nəsibovanı boğub öldürüblər.
Lakin siyasi sifarişlə hərəkət edən prokurorluq, xanım R.Nəsibovanın qətl faktını cinayətkarcasına inkar edərək, guya qəbul etdiyi narkotik maddələrinin təsirindən zəhərləndiyini iddia etməklə qətli ört-basdır edib.
Yalnız Hacı Məmmədov cinayətkar dəstəsi ilə ifşa olunduqdan, R.Nəsibovanın qətlinin səbəbləri ədalətli araşdırıldıqdan sonra bu xanımın narkotik maddələrdən istifadə etmədiyi, məhz zorakılıqla boğulması faktı öz təsdiqini tapmışdı. Mərhum R.Nəsibovanının narkotiklərdən istifadə etmədiyi üzə çıxmış, əvvəlki saxta “ekspertiza” müəllifləri cəzalandırılmışdı. R.Nəsibovanın qətli ilə bağlı mən də jurnalist araşdırması aparıb, ictimai tədqiqatlarla məşğul olan xanıma qarşı keçirilmiş “heroin əməliyyatını” rəhbərlik etdiyim “Realnıy Azerbaydjan” qəzetinin səhifələrində qələmə almışdım (bax: 2006 il dekabr ayları)
İndi buna oxşar ssenari mənə qarşı planlaşdırılır. Vaxtilə Elmar Hüseynovu qətlə yetirmiş, Bahəddin Həziyevin və Aqil Xəlilin həyatına sui-qəsd etmiş, Ruslan Bəşirlinin şousunu tamaşaçıya təqdim etmiş, general Rail Rzayevi güllələmiş bu cinayətkar dəstə yeni zorakı aksiyaya hazırlaşır. Məncə, siz və cəmiyyət hansı qruplaşmadan söhbət getdiyini çox gözəl anlayır.
Artıq ilk addım atılıb, mənim çox təhlükəli narkotik maddələrdən istifadə etdiyim açıqlanıb. Sonrakı addım üçün zəmin hazırlanıb. Növbəti narkotik doza ölümcül ola bilər.
Bakı İstintaq təcridxanasında, başqa dustaqlardan fərqli olaraq təhlükəsizliyimin yüksək səviyyədə təmin edilməsi də müəyyən qədər real təhlükədən xəbər verir. Kameramın qarşısına bir zabitdən savayı heç kim buraxılmır, nəzarətçilərə isə kamerama yaxınlaşmaq yasaq olunub. Kameramın yemək vermək üçün nəzərdə tutulan pəncərəsinin svarkalanıb-qıfıllanması da təhlükəsizlik tədbirlərindəndir. “Bu cür təhlükəsizlik tədbirləri hansı səbəbdən həyata keçirilir?”, - sualıma isə “təxribat ola bilər” cavabını almışam. Hamı mənə qarşı növbəti təxribat gözləyir, çünki heroin əməliyyatının çirkin təxribat olduğu hamıya məlumdur.
Döyüş meydanına çıxarkən nə etdiyimi dərk edirdim.
Həqiqət və ideallarım uğrunda mübarizədə bütün qurbanlara və məhrumiyyətlərə hazıram. Fəqət dövlətin də cəmiyyət qarşısında götürdüyü öhdəliklərinə riayət etməsi vacibdir.
Hər bir halda mafioz qüvvələrin mənə qarşı həyata keçirəcəyi ssenari haqda sizə müraciət etmək qərarına gəldim. Bunu “sos” kimi qəbul edə bilərsiniz”.
Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi yaxın günlərdə cənab Fətullayevin şikayətinə baxmağa hazırlaşır. Elə bu ərəfədə 2009-cu ilin dekabrında jurnalistə qarşı yeni - heroin saxlama və istifadə etmə ittihamı irəli sürülüb. Yoxlama zamanı onun əşyalarının arasında bu narkotik maddə “tapılmışdı”. Onu yeni 3 ilədək həbs cəzası gözləyir.
Ədliyyə nazirliyinin Penitensiar xidməti jurnalistin bəyanatına cavab verib. Penitensiar xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov “Amerikanın səsi” radiosuna jurnalistin həyatı üçün hər hansı təhlükə olmadığını bildirib. “Ədliyyə Nazirliyinin Penitensiar xidməti Eynulla Fətullayevin və cəzaçəkmə müəssisələrində saxlanana bütün məhkumların həyatının təhlükəsizliyinə tam təminat verir. Onun həyatına təhlükə ilə bağlı yaydığı bəyanatı tam əsassızdır. Eynulla Fətullayev və digər təqsirləndirilən şəxslərin təhlükəsiz şəraitdə saxlanılması tam təmin edilib”.
O “əgər təhlükəsizlik tam təmin edilibsə, cəzaçəkmə müəssisələrinə narkotiklər necə keçirilir? Narkotiklər keçirilirsə, insan həyatı üçün daha təhlükəli maddələrin cəzaçəkmə müəssisələrinə keçirilməyəcəyinə təminat varmı?” sualının cavabında ötən il cəzaçəkmə müəssisələrində 41 nəfərin narkotiklə həbs edildiyini bildirib. “Hazırda cəzaçəkmə müəssisələrində narkotiklə məhkum edilmiş 4 mindən çox insan saxlanılır. Həmin insanlar hər vəchlə cəzaçəkmə müəssisələrinə narkotik keçirilməsinə çalışır, biz isə bunun qarşısının alınması üçün daim tədbirlər görürük”, - deyə o qeyd edib.

XS
SM
MD
LG