Accessibility links

Dəyirmi Masa: Azərbaycan-Avropa münasibətləri


Dəyirmi Masa: Azərbaycan-Avropa münasibətləri

Dəyirmi Masa: Azərbaycan-Avropa münasibətləri

<!-- IMAGE -->

Bu həftə Avropa İttifaqına sədrlik edən İspaniya xarici işlər naziri Migel Anhel Moratinus Azərbaycana səfər etdi. Səfər əsnasında Avropa rəsmisi Azərbaycan prezidenti, sivil cəmiyyətin nümayəndələri və müxalifət liderləri ilə görüşüb. Bəzi təhlilçilər cənab Moratinusun prezident İlham Əliyevlə görüşü zamanı Azərbaycanda demokratiya məsələsinin müzakirə oldunuğunu güman edir. Bu arada Avropa Şurasının İnsan Haqları üzrə komissarı Tomas Hammerberq Naxçıvanda muxtar respublikanın ali məclisinin sədri Vasif Talıbovla görüşərək bölgədə baş verən hüquq pozuntularını müzakirə edib. Azərbaycan-Avropa münasibətləri və Avropanın Azərbaycanda demokratiya yönümündə göstərdiyi səylər barədə diskussiya aparmaq üçün həftənin dəyirmi masa söhbətinə Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu və Atlas Araşdırmaları Mərkəzinin sədri Elxan Şahinoğlunu dəvət etdik.

Ərəstun Oruclu Azərbaycanla Avropa arasında münasibətlərin son illərdə mənfi xarakter aldığını vurğuladı. Onun sözlərinə görə neft sərvətinə arxayın olan hökumət elə zənn edir ki, o, öz şərtlərini Qərbə diktə etmək iqtidarındadır. Avropa qarşısında götürdüyü öhdəlikərə əsasən siyasi islahatların həyata keçirilməsi isə hakimiyyətə təhlükə kimi dəyərləndirilir. Cənab Oruclunun fikrincə İlham Əliyev hökuməti ideal halda Azərbaycanı Qərbdən maksimum təcrid etmək istəyərdi, çünki cəmiyyətlərin təmasları ölkədə demokratiya ab-havasının güclənməsinə təsir göstərir. Hələ ki, hökumət bunu bacarmır. Lakin Avropanın istəklərinə etinasız münasibət əslində ölkədə siyasi azadlıqları məhdudlaşdırmaq xətti götürmüş hökumətin şüurlu kursunu əks etdirir. Buna nümunə olaraq politoloq Azərbaycanda daralan alternativ fikir məkanını və boğulan müstəqil media mənbələrini göstərdi.

Elxan Şahinoğlunun rəyincə isə Azərbaycanın Avropaya inteqrasiyası labüddür. Belə ki, həm ölkə daxlində cərəyan edən proseslər, həm də Azərbaycanın qonşularının keçdiyi təkamül yolu bunu diktə edir. Cənab Şahinoğlunun sözlərinə görə qonşu Ermənistan və Gürcüstanın Avropaya inteqrasiya etdikləri halda Azərbaycanın bu proseslərdən kənarda qalması qeyri-mümkündür. O, hesab edir ki, Azərbaycan hökuməti cəmiyyəti yaxın və uzaq xaricdə baş verən proseslərdən təcrid etmək imkanında deyil.

XS
SM
MD
LG