Accessibility links

“Washington Post” Azərbaycan prezidentinin Dubayda 75 milyon dollarlıq mülklərinin olduğunu iddia edir


“Washington Post” Azərbaycan prezidentinin Dubayda 75 milyon dollarlıq mülklərinin olduğunu iddia edir

“Washington Post” Azərbaycan prezidentinin Dubayda 75 milyon dollarlıq mülklərinin olduğunu iddia edir

<!-- IMAGE -->

Bu gün nüfuzlu Washington Post qəzetinin baş səhifəsində dərc olunan “Dubayda qiymətli daşınmaz əmlak alqı-satqısı barədə sövdələşmələr Azərbaycan prezidenti haqda suallar qaldırır” adlı məqalədə deyilir ki, Azərbaycandan olan 11 yaşlı oğlan Dubayda 9 villa alıb. Müəllif Endru Hiqqinsin araşdırmasına görə, 44 milyon dəyərində, başqa sözlə bir Azərbaycan vətəndaşının orta aylıq əmək haqqısı ilə 10 min illik maaşı dəyərində olan bu mülklərin sahibinin adı Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin adı ilə eynidir. Məqalədə hətta doğum tarixlərinin də üst-üstə düşdüyü 11 yaşlı azərbaycanlı məktəblinin bu qədər dəyərli mülkə necə malik olması barədə Azərbaycan hökumətindən şərh almaq mümkün olmadığı deyilir. Müəllif yazır: “Azərbaycan prezidenti İlham Əliyevin illik əmək haqqısı 228 min dollar təşkil edir ki, bu da Palm Cumeyrah adlanan yerdə ən kiçik villa almaq üçün belə çox az məbləğdir”.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbri Qubad İbadoğlunun sözlərinə görə, bu mülklər sadəcə korrupsiya ilə yığılmış vəsaitlərin xərclənmə istiqamətlərindən biridir. O deyir ki, bu istiqamətlərin böyük bir hissəsi ictimaiyyətə bağlıdır: “Ölkə total korrupsiyanın məngənəsindədir. Ölkədə korrupsiyanın mərkəzləşdirilməsi, korrupsiya ilə yığılan vəsaitlər daha dar çərçivədə bölüşdürülməsi vəsaitlərin müəyyən dairələrdən – vergi, gömrük, digər orqanlar vasitəsilə yığılıb, sonradan hansısa bir istiqamətdə xərcləndiyini deməyə əsas verir.”

Washington Post-un məqaləsində habelə deyilir ki, bu mülklərdən başqa Dubay Əmlak Qeydiyyat departamenti adları Azərbaycan prezidentinin qızları ilə eyni olan Leyla və Arzu Əliyeva üçün də evləri qeydiyyatdan keçirib. Bu isə Əliyevlərin oradakı mülklərinin dəyirinin 75 milyon dollara yaxın olduğunu göstərir. Qəzet yazır: “Bu, Vaşinqtonla Azərbaycan arasında illərdir davam edən münasibətlərini kölgə altına alan dilemmanı daha da sərtləşdirir”. Məqalədə Dövlət Departamenin illik hesabatında Azərbaycanın ən çox korrupsiyalaşmış avtoritar rejimli ölkələrdən biri adlandırıldığı yazılır. Qubad İbadoğlunun sözlərinə görə bu iqtisadi məsələdən çox siyasi məsələdir . “Bu eyni zamanda mövcud rejimin korrupsiyaya qarşı mübarizə aparmamasına dair bir mesajdır. Bu mesajlar bildirmək istəyirlər ki, korrupsiyanın dayandırılmasını vacib hesab edirlər. Ölkənin sosial-iqtisadi inkişafı bundan asılıdır”-deyə cənab Qubadoğlu bildirir.

Məsələ ilə bağlı Azərbaycan hökumətindən şərh ala bilməyən müəllif müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin münasibərini öyrənib. Cənab Kərimli bildirib ki, Vaşinqton diqqətini xüsusilə təhlükəsizlik və energetika məsələlərinə yönəltməklə, demokratik islahatların vacib olmamasına dair siqnallar göndərib.

İqtisadçı Qubad İbadoğlu bu hadisəni xarici investisiyaların ölkəyə gəlməsində bir baryer kimi qiymətləndirir. Azərbaycandakı mövcud iqtisadi sistemin ən böyük problemlərindən biri kimi azad rəqabətə imkan verməyən inhisarlaşmaya diqqəti cəlb edən cənab Qubadoğlu deyir ki, xarici investorlar monopollaşmış ölkələrdə riskləri nəzərə alaraq o ölkələrə pul yatırmırlar.

Mövzuya uyğun

XS
SM
MD
LG