Accessibility links

Bakıda NATO - sülh və demokratiya mövzusunda konfrans keçirilib


Bakıda NATO - sülh və demokratiya mövzusunda konfrans keçirilib

Bakıda NATO - sülh və demokratiya mövzusunda konfrans keçirilib

<!-- IMAGE -->

NATO Azərbaycanla bir çox sahələrdə, o cümlədər İPAP (Fərdi Tərəfdaşlıq Əməliyyat Planı) çərçivəsində əməkdaşlıq edir. Onun əsas məqsədlərindən biri sabit demokratiyanın bərqərar edilməsindən ibarətdir ki, bunsuz möhkəm sülh və təhlükəsizlik mümkün deyil. Bu barədə Bakıda ABŞ-ın NATO yanında siyasi müşaviri Cenifer Devis bildirib.
”Demokratiyanın inkişafı sahəsində tərəfdaşlıq ABŞ-ın Azərbaycanla ikitərəfli münasibətlərinin gündəliyindədir”, - deyə o qeyd edib.
NATO-nun İPAP proqramı çərçivəsində əməkdaşlığından danışarkən, cənab Devis deyib ki, bu, həm də müdafiə sektorunda islahatlara, silahlı qüvvələr üzərində vətəndaş nəzarəti qurulmasına, hərbi doktrinanın işlənib hazırlanmasında yardıma yönəlib.
O eyni zamanda NATO və Azərbaycan arasında Əfqanıstanda, daha əvvəl isə İraqda beynəlxalq əməliyyat çərçivəsində uğurlu əməkdaşlıq olduğunu qeyd edib.
Siyasi müşavir Ukrayna və Gürcüstanın NATO-ya qəbul edilməsi məsələsinin təşkilatın gündəliyində qalıb-qalmadığı barədə suala müsbət cavab verib. Eyni zamanda, o, bu ölkələrin Alyans qarşısında öhdəliklərini, o cümlədən demokratikləşmə məsələsini həll etməsi zərurətini vurğulayıb. Cənab Devis həmçinin NATO-nun qapılarının “bir sıra digər ölkələr” üçün də açıq olduğunu deyib.
Bu gün Bakıda cənab Devisin də iştirak etdiyi “NATO: son 60 ildə sülh və demokratiya amili” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfrans Atlantik Müqaviləsi Assosiasiyasının (The Atlantic Treaty Association) dəstəyi ilə keçirilir. Assosiasiyanın sədri, Almaniya Bundestaqının Komitə sədrinin müavini Karl A.Lammers deyib ki, müasir dünyada yeni təhlükələr - terrorizm, iqlim dəyişiklikləri ilə əlaqədar NATO-nun missiyası genişlənib. “Bu mənada NATO təhlükəsizlik problemlərinin həllində əməkdaşlığa hazırdır”.
Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbərin fikrincə, NATO GUAM ölkələri ilə gələcək əməkdaşlığı və onların “Rusiyanın təcavüzündən” müdafiəsi ilə bağlı mövqeyini aydın şəkildə açıqlamalıdır.
Ekspert Elxan Mehdiyev Azərbaycanın NATO-ya inteqrasiyasının sürətlənməsini zəruri hesab edir. “Azərbaycan hökuməti Avroatlantik məkana inteqrasiyanın vacibliyini dərk edir və bunu xarici siyasətin prioriteti elan edib. Lakin rəsmi Bakı Rusiya və İranın təzyiqi ilə əlaqədar ehtiyatlı hərəkət edir”.

XS
SM
MD
LG