Accessibility links

İranda professor Ağacarinin hökmünə e’tirazlar davam edir - 2002-11-16


İslam respublikasının dini rəhbərləri ilə mübahisə edən Tehran universitetinin professoru Haşim Ağacariyə ölüm hökmünün çıxarılmasına e’tirazlar davam edir. Tehran pedaqoji universitetinin 20 kafedrasının müdiri həmkarları Ağacariyə ölüm hökmü çıxarıldıqdan sonra özlərini daha təhlükəsiz hesab etmədiklərini bildirərək iste’fa verib. Bu arada, İran islam respublikasının əsasını qoyan Ayatolla Ruhulla Xomeyninin nəvəsi Həsən Xomeyni Haşim Ağacarinin cəzasının həddindən artıq ağır olduğunu bildirib. İranın rəsmi xəbərlər agentliyinin verdiyi mə’lumata görə, Həsən Xomeyni bunu cümə günü Ağacarinin ailəsilə görüşəndən sonra deyib.

Gələn həftə universitet tələbələrinin e’tirazlarının davam etdiriləcəyi gözlənilir. Keçən həftə beş gün davam edən e’tiraz nümayişlərində Tehran universitetinin minlərlə tələbəsi iştirak etmişdi. Haşim Ağacarinin hökmünü dəstəklədiyini nümayiş etdirmək məqsədilə yeganə yürüş cümə günü Tehran universitetinin qarşısında keçirilmişdi. Minə yaxın adam hökmün icrasını tələb etmişdi. Haşim Ağacari noyabrın 6-da Həmədan şəhərinin məhkəməsində küfr danışmaqda ittiham edilmiş və ona ölüm hökmü çıxarılmışdır. İraq-İran müharibəsində bir ayağını itirən cənab Ağacari məhkəmənin qərarını apellasiya etməkdən imtina etmişdir. İran prezidenti Məhəmməd Xatəmi hökmü qınamış və onun çıxarılmamalı olduğunu demişdir.

XS
SM
MD
LG