Accessibility links

İraqla mümkün müharibənin iqtisadi tə'sirləri - 2003-01-20


Siyasi dairələrdə İraqla müharibə məsələsi müzakirə edildiyi vaxt təhlilçilər bunun dünya iqtisadiyyatına tə’sirlərini öyrənirlər. Son beş həftədir Uol Stritdə aksiya satışının kəskin şəkildə aşağı düşməsi Birləşmiş Ştatlar və dünya iqtisadiyyatının zəifləməsinə işarə kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, İraqa hərbi müdəxilə ilə bağlı qeyri-müəyyənlik iqtisadi durğunluğun əsas səbəbidir. Son ilin siyasi hadisələrinin ən çox zərər vurduğu və bundan sonra İraqda mümkün hərbi əməliyyatlar başlasa, daha da çox çətinliklərlə qaşılacaq sahə kimi müətəxəssislər aviasiya sahəsini göstərirlər. Sentyabrın 11-i terror hücumlarından sonra Birləşmiş Ştatların aviasiya sənayesinə dəyən zərər 7 milyard dollar təşkil etmişdir. Bütünlüklə avasiyasi sənayesində bu ilki itkilərin yeddi milyard dollara çatacağı gözlənilir. Bu itkiləri azaltmaq məqsədilə aviayasi sahəsində çalışan 70 min adamın iş yeri ixtisara salınmışdır. “Delta” hava yolları şirkətinin icraedici direktoru Leo Mullinin dediyinə görə, İraqla münaqişə başlasa, onun şirkəti gələcəkdə də zərər çəkməyə davam edəcək. “Körfəz müharibəsi dövrünə nəzər salsaq, burada 10 faiz enmə müşahidə olunmuşdu və bu vəziyyət beynəlxalq hava nəqliyyatında ilin iki kvartalı davam etmişdi. Yerli hava nəqliyyatında beş faiz enmə müşahidə olundu. Neft qiymətləri də çox kəskin şəkildə artdı. Demək olar ki, qısa bir müddət ərzində qiymətlər iki dəfə artmışdı.”

Leo Mulli deyir ki, Birləşmiş Ştatlar hökuməti aeroportlarda təhlükəszliyin artırılması ilə bağlı əlavə xərcləri öz üzərinə götürəcəyinə işarə etmişdi, lakin hələlik bunu etməmişdir. Onun bildirdiyinə görə, sentyabrın 11-i hadisələrindən sonra sərnişinlərin təhlükəsizliyini tə’min etmək üçün çox böyük miqdarda vəsait lazımdır, təxminən 4 milyard dollara qədər. “Vergilərdən əvvəl indi sənaye itkiləri təxminən 9 milyard dollar təşkil edirsə, bu, o deməkdir ki, bunun təxminən yarısı təhlükəsizlik tədbirlərinin gücləndirilməsilə bağlıdır, buna görə isə bizə heç bir kompensasiya ödənilmir.”

Bu arada isə neft qiymətləri son həftələr kəskin artmışdır. Bunun da aviasiya sənyaesinə birbaşa tə’siri var.

Dünya cəmiyyəti institutu, “Soros fondu” zəif iqtisadiyyatı olan ölkələrə vəsait ayırmaqla məşğuldur. Fondun tə’sisçisi və investoru Corc Soros deyir ki, İraqla müharibə neft qiymətlərinin kəskin artmasına gətirib çıxara bilər, bu da, öz növbəsində, qısa müddətə dünya iqtisadiyyatına zərər vuracaq. “Lakin bununla belə, fikirləşirəm ki, İraqa hərbi müdaxilənin uğurlu olması neft qiymətlərinin aşağı enməsinə gətirib çıxara bilər. Bu isə iqtisadi inkişafa təkan verəcək.”

Ekspertlərin fikrincə, İraqla müharibənin qlobal iqtisadiyyata zərər vuracağı, ya da onun inkişafına kömək edəcəyi məsələsi münaqişənin nə qədər davam edəcəyindən asılıdır. Onların dediyinə görə, hərbi kampaniya az müddət içində həyata keçirilsə, bu, neft qiymətlərinin aşağı enməsi, müdafiə və müdafiə sahəsilə əlaqədar sahələrdə iş yerlərinin açılması ilə nəticələnə bilər. Amma münaqişə uzansa, o zaman neft qiymətlərinin artması prosesi də davam edə bilər.

XS
SM
MD
LG