Accessibility links

Iraqla müharibə Amerikaya nəyə başa gələcək - 2003-03-08


Birləşmiş Ştatlar İraqı lazım gəlsə güc yolu ilə tərksilah etmək üçün kampaniyanı davam etdirdiyi bir zaman müharibənin iqtisadi aspektləri müzakirələrin diqqət mərkəzində qalır. Buş administrasiyası hərbi əməliyyatların nəyə başa gələcəyilə bağlı rəqəmləri açıqlamağa başlayıb. Ağ Evin hesablamalarına görə, müharibənin birinci ili 80 milyarddan 100 milyard dollara qədər başa gələcək. Bununla yanaşı, administrasiya Birləşmiş Ştatların İraqda mövcudluğunun bir neçə il çəkəcəyini nəzərdə tutur. Pentaqon Səddam Hüseyn rejiminin devrilməsi və Amerika qüvvələrinin İraqda 6 ay müddətə qalması üçün 85 milyard dollar lazım olacağını bildirir. Müdafiə naziri Donald Ramsfild 100 milyard dollar rəqəmini gətirir. Mətbuatda çıxan baş məqalələrdə yazıldığı kimi, müharibə 80-100 milyard dollara başa gələcək və bu, demək olar ki, bütünlüklə Amerikalı vergi ödəyənlər tərəfindən ödəniləcək. Qeyd edək ki, birinci Körfəz müharibəsində İraqla qonşu ölkələrin bə’zisi, o cümlədən, Səudiyyə Ərəbistanı müharibə xərclərinin bir hissəsinin kompensasiyası kimi, Birləşmiş Ştatlar hökumətinə on milyardlarla dollar qaytarmışdı. Lakin təhlilçilər İraqda vəziyyəti sabitləşdirmək üçün altı aydan daha çox müddətin lazım ola biləcəyini söyləyirlər. Təhlilçilərin fikrincə, 100 milyard dollar rəqəmi Birləşmiş Ştatların koalisyada birləşdirmək üçün digər dövlətləri cəlb etmək işində mübahisəyə səbəb olacaq güclü amil kimi çıxış edə bilər. Körfəzdə yeni müharibənin çox baha başa gələcyilə yanaşı, narahatlığa ən böyük səbəb Amerika iqtisadiyyatının bugünkü vəziyyətidir. Təkcə keçən ay investorların aksiya fondlarından bir milyard dollar məbləğində pul götürdükləri deyilir. İstehlakçı inamı on il ərzində ən aşağı səviyyəyə enib. Adamlar gələcəklərindən qorxurlar. Prezident Buşun tənqidçiləri qeyd edirlər ki, vergilərin ixtisarı planını müdafiə etməyə davam edən prezident belə görünür, problemi başa düşmür. Müharibə ilə bağlı digər narahatlıqlar daxili təhlükəsizliyin tə’min edilməsilə əlaqədardır. Daxili təhlükəsizliyi gücləndirmək vəzifəsini yerinə yetirməli olan federal hökumət hələlik ştatlara bu tədbirləri həyata keçirmək üçün vəsait verə bilmir. Amerikanın bə’zi ştatları müharibənin belə baha başa gələcəyindən narahatlıqlarını ifadə edərək daxili təhlükəsizliyin gücləndirilməsi üçün federal hökumətdən vəsait ala bilməyəcəklərindən şikayət edirlər.

XS
SM
MD
LG