Accessibility links

Prezident Buş Səddam Hüseynə ölkəni tərk etmək üçün 48 saat vaxt verdi - 2003-03-18


Bazar ertəsi günündən Buş administrasiyası diplomatiyanı davam etdirməkdən imtina edərək BMT-nin İraqa qarşı yeni qətnaməsi üzrə səsverməyə getməmək qərarına gəldi. Amerika prezidentinin çıxışı diplomatik sə’ylərin dayandırılması və mümkün müharibənin başlama vaxtının hesablanması demək idi. Prezident Buş İraq liderinə ultimatum verdi: o,ölkədən getməlidir.

“Səddam Hüseyn və onun ogulları İraqı 48 saat ərzində tərk etməlidirlər. Onlar bundan imtina etsələr bu, bizim seçəcəyimiz vaxt hərbi əməliyyatlarla nəticələnəcək. Təhlükəsizliklərini tə’min etmək üçün jurnalistlər və müfəttişlər daxil olmaqla, bütün xarici vətəndaşlar İraqı dərhal tərk etməlidirlər.”

İraqla sərhəddə 200 mindən çox əsgəri qüvvənin yığıldığı vaxt prezident Buş qeyd etdi ki, dünyanın təhlükəsizliyi İraq rejiminin tərksilh edilməsini tələb edir.

Birləşmiş Ştatlar prezidenti Təhlükəsizlik Şurasında daimi üzvlərin tərksilah tələblərini yerinə yetirməklə bağlı Amerikanın təklif etdiyi qətnamə əleyhinə çıxdıqları üçün BMT-dən narazı qaldığını da dilə gətirdi. Bu qətnamə Fransanın veto qoyacağı təhlükəsi altında səsverməyə qoyulmadı. Fransanın adını çəkməsə də, prezident Buşun dediklərinin kimə aid olduğu aydın idi.

“ Təhlükəsizlik Şurasının bə’zi daimi üzvləri İraqı tərksilah etməyə çağıran hər hansı bir qətnaməyə veto qoyacağını açıq bildirmişdilər. Bu hökumətlər təhlükəni bizim qədər dərk edir, lakin onun qarşısını almaq üçün bizim qərarımızı bölüşmürlər.”

Prezident Buş qeyd etdi ki, Təhlükəsizlik Şurası öz məs’uliyyətini yerinə yetirmək məsələsində ümidləri doğrulda bilmədi, buna görə də Birləşmiş Ştatlar və onun müttəfiqləri məsələnin həllilə məşğul olmaq qərarına gəldi. Amerika prezidenti İraqı təkrsilah etmək məqsədilə hərbi əməliyyatlara başlamaq qərarı vermək üçün səlahiyyətə malik olmadığı haqda qeydlərə əhəmiyyət verməyib BMT-nin tərksilah tələblərilə bağlı bir sıra qətnamələrinə işarə edərək dedi: “Bu, səlahiyyət məsələsi deyil. Bu, iradə məsəədir.”

Prezident Buş çıxışında İraq hərbi qüvəvlərinə də müraciət edərək dedi ki, “ölməkdə olan rejim”ə görə mübarizə aparmasındalar.

“Əgər müharibə olsa, taleyiniz nə edəcəyinizdən asılı olacaq. Neft quyularını məhv etməyin, onların gəliri İraq xalqına məxsusdur. İraqlılar da daxil olmaqla, kiməsə qarşı kütləvi qırğın silahlarını işlətmək haqda heç bir əmri yerinə yetirməyin.”

Prezident Buş İraqlıları bir qədər sonra azad ölkədə yaşayacaqlarına əmin etdi və yardım və kömək haqda və’dlərini dilə gəlirdi. "Azad İraqda qonşularınıza qarşı təcavüzkar müharibələr baş verməyəcək, zəhərli zavodlar, dissidentlərin e’damı, işgəncə verilən və zor işlədilən otaqlar olmayacaq. Tiran gedəcək. İstiqlal günü yaxındır. |

Prezident Buşun İraq liderinə verdiyi 48 saatlıq möhlət çərşənbə günü axşam başa çatır. İraq lideri ölkəni tərk etməkdən imtina etsə, prezident Buşun söyləyəcəyi növbəti söz “hərbi əməliyyatlar başlanır” olacaq.

XS
SM
MD
LG