Accessibility links

İranda insan hüquqlarının qorunması barədə ABŞ-in hesabatı - 2003-04-05


ABŞ Dövlət departamenti, ən’ənəvi olaraq, dünyanın müxtəlif ölkələrində insan hüquqlarının qorunması barədə ətradflı illik hesabatını dərc etmişdir. Hal-hazırda bu hesabatdakı mə’lumatın xülasəsini təqdim edirik. Hazırkı hesabat, İranda ümumiyyətlə insan haqqları və azadlıqla bağlı vəziyyəti nəzərdən keçirir. Hesabatda qeyd edilir ki, ABŞ-ın İranda səfirliyi olmadığına görə burada dərc olunmuş mə’lumatın mühüm hissəsi, beynəlxalq təşkilatlardan alınıb, və mə’lumatın əksər hissəsi BMT-nin İnsan Hüquqları Komissiyasının İran üzrə Xüsusi Elçisi idarəsi tərəfindən verilib. İnsan hüquqlarına riayət edilməsi məsələsinə gələndə, hesabatda qeyd edilir ki, İran höküməti, çoxsaylı ölümlərə görə bilavasitə, mə’suliyyət daşıyır və 2002-ci ildə məhkəməsiz bir neçə adam e’dam edilib. Hesabatda 2002-ci ilin yanvarında maaşların az olduğuna qarşı nümayişdə iştirak etmiş iki müəllimin həbs edildiyi əks etdirilir. Onlar nümayiş zamanı yaralndıqlarına görə xəstəxanaya aparılıb və onların ailələri, onların daha sonra həbsdə həlak olduqlarına inanır. Həmin hesabatda habelə, Bahayi, Xristiyan və Sünnü dini xadimlər də daxil olmaqla, dini azlıqların nümayəndələrinin bilavasitə hökümət tərəfindən öldürüldüyü bildirilir. Həmçinin, ABŞ-ın İranda 2002-ci ildə insan hüquqları ilə bağlı bu hesabatında BMT-nin İnsan Hüquqları Komissiyasının İran üzrə nümayəndəsinin idarəsindən verilən mə’lumatda deyilir ki, 2002-ci ildə ölkədə həyata keçirilmiş e’damların üçdə-iki hissəsi ictimaiyyət qarşısında baş verib. Mühacirlər və insan hüquqlarının qorunmasında fəallıq göstərənlər bildirirlər ki, narkotik maddələrin qaçaqmalçılığı kimi adi cinayətlər adı ilə e’dam edilmiş şəxslər, əslində siyası məhbuslar idi. Hesabatda deyilir ki, İran Konstitusiyası işkəncəni qadağan etməsinə baxmayaraq, məhbuslara işkəncələr verilməsi halları geniş şəkildə baş verir. 2002-ci ilin mart ayında işkəncələrə son qoymağı nəzərdə tutan qanun Məclis tərəfindən qəbul edilib, lakin bu qanuna Nəzarət Şurası tərəfindən veto qoyulub. Hesabatda həmçinin deyilir ki, 2002-ci ilin oktyabrında ictimaiyyət qarşısında keçirilmiş mərasimdə oğurluqda ittiham olunmuş iki şəxsin dörd barmağı kəsilib. Hesabat İran Konstitusiyasının məhkəmə qərarı olmadan insanların həbs edilməsini qadağan etməsinə baxmayaraq, həmin halların geniş şəkildə baş veriildiyini qeyd edir. Bundan əlavə, edam edilmiş məhbusların ailələrinə onların e’dam edilməsi bildirilmir, belə xəbərdarlıqların edildiyi ailə üzvlərindən, e’dam edilmiş məhbusların cəsədlərini dəfn etmək üçün rüşvət tələb edilir. ABŞ Dövlət Departamentinin hesabatı, müstəqil olmadığına, dövlət və dini dairələrin nüfuzu altında olduğuna görə İranın məhkəmə sistemini ciddi tənqid edir. Hesabatda həmçinin qeyd edilir ki, siyasi məhbusların sayı indiyə qədər mə’lum deyil. Dini azlıqların nümayəndələri tez-tez “rejimə qarşı hərəkətlərə” və dinə qarşı çıxdıqlarına görə ittihamlandırılır. Hesabatda qeyd edilir ki, noyabr ayında islahatçı professor Haşim Ağacari bağlı qapılar arxsında keçirilmiş məhkəmə prosesində İslamı tənqid etməkdə günahlandırılaraq e’dam cəzasına və bundan əlavə, 74 şallaq vurulması cəzasına məhkum edilib. E’dam cəzası prezident Xatəmi və yüzlərcə Məclis üzvləri tərəfindən tənqid edilib. Siyasi təzyiq altında Ayatollah Xamneyi məhkəməyə yenidən baxılması əmrini verib. Hesabat habelə hökümətin dil əsasında ayrı-seçkilik tətbiq etdiyini irəli sürür. Belə ayrı-seçkiliyin kürdlər, azərbaycanlılar və Ahvazi ərəblərə qarşı tətbiq edildiyi bildirilir. Azərilərin İran cəmiyyəti ilə bütövləşməsinə baxmayaraq, onlara qarşı milliyyət və dil əsasında ayrı-seçkilikdən şikayət etdikləri əks edilir. Hesabat deyir ki, Sovet İttifaqının dağılmasından sonra İran höküməti müstəqil Azərbaycanı özünə hədə kimi görür. Burada deyilir ki, azərilərin mədəni haqqları üzrə fəalıyyət göstərən Məhəmməd Çehrəqani, ötən bir neçə il ərzində dəfələrlə həbs olunub və ona həbsdə olarkən işkəncə verilib. Hesabatda qeyd edilir ki, Çehrəqani, onun 2000-ci il Parlament seçkilərində iştirak etməsinin qarşısını almaq üçün, 1999-cu ildə həbs edilib. Habelə, İran azərbaycanlılarına daha geniş mədəni və dil haqqları verilməsini istəyən bir neçə şəxsin siyasi məhbus olduqları bildirilir.

XS
SM
MD
LG